Analitika

Cənubi Azərbaycandan da mühacirət prosesinin güclənməsi nəticəsində Misirdə azərbaycanlılar icması yaradıldı

Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı ilə bağlı məlumat azdır. Amma Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 20 min nəfər azərbaycanlının olduğu məlumdur. Misirdə azərbaycanlıların aktivliyi daha güclüdür. Azərbaycanlıların Misirdə məskunlaşması II dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Alman ordusunun tərkibində fəaliyyət gostərən azərbaycanlı mühacirlərin müharibədən sonra köçdükləri ölkələr içərisində Misirdə var. Bəzi tarixi mənbələrdə II Dünya müharibəsindən sonra əsir düşən azərbaycanlıların ingilis və fransız hərbi qüvvələrindən xilas edilərək Misirdə yerləşdirilməsi barədə məlumatlara rast gəlmək mümkündür. Misir kralı və onun yaxın adamlarının sayəsində xilas olan soydaşlarımız Misirdə evlə, işlə təmin olunmuş və özlərini qorumaq məqsədi ilə pərakəndə və gizli formada yaşamağa məcbur olmuşlar. Cənubi Azərbaycandan da mühacirət prosesinin güclənməsi nəticəsində Misirdə azərbaycanlılar icması yaradıldı. Enerjili, intellektual və sosial baxımdan xeyli fəal və gənc hesab olunan azərbaycanlılar 90-cı illərdən etibarən ictimai həyat da fəal iştirak etməyə başlamışlar. Hazırda Misirdə on minlərlə həmvətənimizin yaşadığına dair təsdiqlənməmiş məlumatlar var. Misirdə təhsil alan gənclərimizin işini qənaətbəxş hesab etmək olar. 1999-cü ildən başlayaraq, Qahirə radiosunda iqtisadi, siyasi, mədəni və dini proqramlar hazırlayan Azərbaycan xidməti yaradılıb. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində önəmli rolu və mühüm nəqliyyat dəhlizinin üzərində olması sözsüz ki, Misirin siyasətinə təsir edir. İndiki məqamda Azərbaycanla münasibətləri inkişaf etdirmək, qlobal layihələrdə yer almaq istəyi açıq-aşkar görünür. Təbiidir ki, Misirin bu istəyi bizim üçün də maraqlıdır. Ən azından ona görə ki, Misir Azərbaycan-Ermənistan münasibətlərində neytral mövqeyini Azərbaycana dəstək mövqeyi ilə dəyişəcəkdir. Azərbaycan Prezidentinin hədəfində olan bu məsələ ciddi xarakter daşıyır və gələcək perspektivdən xəbər verir.

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button