AnalitikaGündəmSiyasət

Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır

Cənub Qaz Dəhlizi XXI əsrin ən mühüm enerji layihələrindən biridir. Bu layihə təkcə Azərbaycanın deyil, eyni zamanda Avropa və ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sisteminin vacib tərkib hissəsinə çevrilmişdir. Cənub Qaz Dəhlizinin əsas məqsədi Xəzər dənizi hövzəsində yerləşən Azərbaycan qazının Avropaya çatdırılması, region ölkələrinin iqtisadi və siyasi əməkdaşlığının gücləndirilməsi və enerji resurslarının diversifikasiyasıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi, strateji baxışı və liderliyi nəticəsində bu nəhəng layihə uğurla icra edilmiş və artıq beynəlxalq miqyasda səmərə verən enerji dəhlizi kimi tanınır. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik iclasları isə layihə çərçivəsində əməkdaşlığın və koordinasiyanın əsas platforması kimi çıxış edir.

Cənub Qaz Dəhlizi Xəzər dənizi qazının – ilk mərhələdə Azərbaycan qazının – Gürcüstan, Türkiyə və Balkan ölkələri vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur. Bu infrastruktur vasitəsilə Azərbaycan qazı hazırda Türkiyə və Avropanın bir sıra ölkələrinə – Yunanıstan, Bolqarıstan və İtaliyaya çatdırılır. Gələcəkdə Cənub Qaz Dəhlizinin daha geniş coğrafiyanı əhatə etməsi, o cümlədən Balkan regionunda daha çox ölkənin layihəyə qoşulması planlaşdırılır.

Avropa İttifaqı enerji təchizatında mənbə və marşrutların şaxələndirilməsini prioritet hədəf kimi müəyyən etmişdir. Cənub Qaz Dəhlizi bu baxımdan Avropa üçün yeni və etibarlı mənbəyə çıxış imkanı yaradır. Rusiya-Ukrayna enerji böhranları fonunda bu dəhlizin əhəmiyyəti daha da artmışdır. Azərbaycan bu layihədə təkcə qaz təchizatçısı deyil, həm də tranzit və strateji tərəfdaş rolunu oynayır. Layihənin həyata keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, ölkəmizi etibarlı enerji tərəfdaşı kimi tanıtmışdır.

2015-ci ildən başlayaraq hər il Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasları keçirilir. Bu toplantılar layihəyə üzv və maraqlı olan ölkələrin enerji nazirlərini, Avropa Komissiyasının rəsmilərini, beynəlxalq maliyyə institutlarını və investorları bir araya gətirir. Məşvərət Şurası Cənub Qaz Dəhlizinin idarə olunmasında, layihə üzrə görülən işlərin qiymətləndirilməsində və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən olunmasında mühüm rol oynayır. Şura həmçinin iştirakçı ölkələr və tərəfdaş qurumlar arasında dialoqun və koordinasiyanın təmin olunmasına xidmət edir.

Hər il keçirilən Məşvərət Şurasının iclaslarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir və geniş nitqlərlə çıxış edir. Prezident çıxışlarında layihənin strateji əhəmiyyətini vurğulayır, Azərbaycanın enerji siyasətinin əsas prinsiplərini açıqlayır və beynəlxalq əməkdaşlığa sadiqliyini ifadə edir.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Cənub Qaz Dəhlizi Azərbaycanın müstəqil enerji siyasətinin məhsuludur və bu siyasət milli maraqların müdafiəsinə, eyni zamanda beynəlxalq əməkdaşlığın təşviqinə əsaslanır. Onun liderliyi nəticəsində layihə həm texniki, həm də siyasi cəhətdən uğurla tamamlanmış və genişlənməkdə davam edir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti – 11-ci iclası aprelin 4-də Bakıda – “Gülüstan” sarayında keçirilmişdir. İclasda həmişəki kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edərək çıxış etmişdir. Çıxışı zamanı cənab Prezident Cənub Qaz Dəhlizinin və bu çərçivədə keçirilən iclasların əhəmiyyətindən danışaraq qeyd etmişdir: “Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir”

Azərbaycan gələcəyə baxışında həm enerji təminatçısı, həm də yaşıl enerji ixracatçısı kimi beynəlxalq mövqeyini möhkəmləndirir və qlobal enerji təhlükəsizliyinə töhfə verən ölkə kimi öz liderliyini davam etdirir.

Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button