AnalitikaGündəmSiyasət

Cəmiyyətdə demokratik münasibətlərinin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir

22 iyul – Milli Mətbuat Günü yalnız jurnalistikanın bir sahə olaraq inkişafı deyil, bütövlükdə xalqımızın maariflənmə tarixi, milli təfəkkürünün formalaşma tarixidir. Çünki mətbuat – təkcə informasiya vasitəsi deyil, həm də millətin güzgüsüdür. Azərbaycan mətbuatının şanlı və zəngin tarixi, xalqımızın milli oyanışında, azadlıq mübarizəsində və dövlətçiliyin bərqərar olmasında əvəzsiz rol oynamışdır.Milli mətbuatımızın tarixi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin ayrılmaz hissəsdir.

Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi, publisist və alim Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti ilə qoyulmuşdur. “Əkinçi” cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan xalqının milli oyanışında, maarifçilik ideyalarının yayılmasında və milli mətbuat ənənələrinin formalaşmasında əvəzsiz rol oynamışdır. Məhz buna görə də hər il 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.

1993-cü ildən başlayaraq Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, KİV-ə istər hökumət, istərsə də cəmiyyət tərəfindən ən yüksək səviyyədə diqqət göstərilir.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi”, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardan sayılır.

Mətbuat Şurasının yeni binasının açılış mərasimində Prezident İlham Əliyevin jurnalistlər qarşısındakı çıxışı bir daha təsdiq etdi ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir. Ölkə rəhbərinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamı isə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasətini bir daha ortaya qoydu.

Bu gün artıq Azərbaycanın milli mətbuatı 151 ildir ki, həm tarixi mirasına sahib çıxır, həm də gələcək nəsillərə örnək olacaq bir jurnalistika mədəniyyətini yaşadır. Qarşıda duran vəzifə isə bu ənənəni qorumaq, inkişaf etdirmək və müasir dünyanın çağırışlarına uyğun şəkildə daha da gücləndirməkdir.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button