AnalitikaGündəmSiyasət

Cəbrayılın tarixi irsi: Abidələrdən gələcəyə uzanan yaddaş

Cəbrayıl qədim yaşayış məskənləri, arxeoloji nümunələri, memarlıq abidələri və tarixi tikililəri ilə Azərbaycanın zəngin mədəni irs xəritəsində mühüm yer tutur. Rayonun ərazisində müxtəlif dövrlərə aid abidələrin yerləşməsi burada zəngin və çoxqatlı tarixi-mədəni mühitin formalaşdığını göstərirdi. İşğal illərində bu irsin böyük hissəsi dağıntılara məruz qaldı.

Cəbrayılın tarixi abidələri arasında qədim yaşayış və inanclar haqqında məlumat verən arxeoloji nümunələr xüsusi yer tutur. Dağtumas kəndinin yaxınlığındakı “Divlər Sarayı” mağarası, Qalacıq kəndində yerləşən “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları rayonun qədim tarixinin öyrənilməsi baxımından əhəmiyyətli obyektlər sırasında idi.

Diri dağında yerləşən Mazannənə və Mərmər nənə məqbərələri də Cəbrayılın tarixi yaddaşını yaşadan abidələrdən hesab olunurdu. Bu cür tikililər yalnız memarlıq nümunəsi deyil, həm də müxtəlif dövrlərin dini, ictimai və mədəni həyatına dair məlumat daşıyan maddi irs nümunələridir.

İşğal dövründə rayonun memarlıq abidələri də ciddi zərər gördü. Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası” kimi tarixi obyektlər dağıntıya məruz qalan abidələr sırasında yer alır. Bu tikililər Cəbrayılın tarixi landşaftının ayrılmaz hissəsini təşkil edirdi.

Cəbrayılın ən tanınmış tarixi-memarlıq nümunələrindən biri Xudafərin körpüləridir. Araz çayı üzərində yerləşən bu körpülər Azərbaycanın orta əsrlər memarlığının mühüm nümunələrindəndir. Onların tarixi əhəmiyyəti Cəbrayılın regional ticarət və nəqliyyat yolları üzərində yerləşməsi ilə də bağlıdır.

Çələbilər kəndindəki məscid kompleksi də rayonun dini-memarlıq irsinin əhəmiyyətli nümunələrindən biri idi. Məscidlər və dini komplekslər əsrlər boyu insanların ibadət etdiyi, ictimai münasibətlərin formalaşdığı və mənəvi dəyərlərin yaşadıldığı məkanlar kimi xüsusi rol oynayıb.

Rayon mərkəzində yerləşən “Sultan Məcid hamamı” Cəbrayılın şəhər mədəniyyətinin nümunələrindən biri kimi diqqət çəkirdi. Hamamlar tarixən yalnız gigiyenik məqsədlə istifadə olunan məkanlar olmayıb, həm də insanların ünsiyyət qurduğu və ictimai həyatın müəyyən elementlərinin formalaşdığı məkanlar olub.

Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” səkkizguşəli türbələr və məqbərələr də rayonun memarlıq irsinin mühüm hissəsini təşkil edirdi. Türk qəbiristanlığında yerləşən türbə və məqbərələr isə bölgənin tarixi və dini-mədəni keçmişinin öyrənilməsi baxımından əhəmiyyət daşıyırdı.

Bu abidələrin işğal zamanı dağıdılması Cəbrayılın tarixi görünüşünə ciddi təsir göstərdi. Daş, kərpic və digər materiallardan inşa edilmiş tikililər fiziki dağıntıya məruz qaldıqda yalnız bir bina itirilmir. Onunla birlikdə həmin tikilinin daşıdığı tarixi məlumat, memarlıq xüsusiyyətləri və yerli yaddaşın bir hissəsi də təhlükə qarşısında qalır.

Cəbrayılın azad edilməsindən sonra tarixi-mədəni irsin qorunması məsələsi yenidən gündəmə gəldi. Dağıntıların sənədləşdirilməsi, abidələrin vəziyyətinin araşdırılması və mümkün bərpa tədbirlərinin həyata keçirilməsi mühüm istiqamətlərdəndir.

Cəbrayılın tarixi irsi gələcək nəsillərə çatdırılmalı olan milli sərvətdir. Bu ərazidə yerləşən hər bir abidə Azərbaycanın keçmişinin müəyyən bir səhifəsini özündə yaşadır. Onların qorunması həm tarix elmi, həm mədəniyyət, həm də milli yaddaş baxımından böyük əhəmiyyət daşıyır.

Təranə Paşayeva,
YAP Xətai rayon təşkilatının əməkdaşı 

Oxşar Xəbərlər

Back to top button