
Cəbrayılın son illərdə keçdiyi yol bir-biri ilə əlaqəli bir neçə mərhələni əhatə edir. 2020-ci il oktyabrın 4-də şəhərin azad edilməsindən sonra mina təmizlənməsi, yolların çəkilməsi, enerji və kommunal sistemlərin yaradılması, yaşayış məntəqələrinin bərpası və insanların qayıdışı mərhələləri başladı. Rəsmi məlumatlarda Cəbrayıla keçmiş məcburi köçkünlərin qayıdışının 2024-cü il sentyabrın 26-dan başladığı qeyd olunur.
2024-cü ildə ilk yaşayış kompleksinin açılması, 2025-ci ildə Horovlu kəndinin birinci mərhələsinin və yeni şəhər yaşayış komplekslərinin təməllərinin qoyulması, 2026-cı ildə isə Şükürbəyli kəndinin açılması bərpa prosesinin ardıcıllığını göstərir.
Bu prosesin digər mühüm tərəfi iqtisadi və sosial infrastrukturun paralel inkişafıdır. Sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil və səhiyyə sahələrində yaradılan imkanlar Cəbrayılın yalnız keçmiş yaşayış məkanı kimi deyil, yeni iqtisadi və sosial sistem kimi formalaşdırılmasına xidmət edir.
Cəbrayılın gələcək inkişafında əsas məsələlərdən biri bütün bu istiqamətlərin vahid sistemdə birləşdirilməsidir. Yaşayış məhəllələri iqtisadi fəaliyyətlə, kəndlər kənd təsərrüfatı ilə, nəqliyyat infrastrukturu logistika ilə, təhsil isə yeni əmək bazarı ilə əlaqələndikdə rayonun inkişafı daha kompleks xarakter ala bilər.
Bu mənada Cəbrayılın gələcəyi Zəfər tarixinin yalnız xatirəsi deyil, həmin Zəfərin yaratdığı yeni sosial-iqtisadi imkanların reallaşdırılması ilə bağlıdır. Şəhərin və kəndlərin bərpası, sakinlərin qayıdışı və yeni nəsillərin burada formalaşması Cəbrayılın müasir tarixinin növbəti mərhələsini müəyyənləşdirir.
Sevinc Salayeva,
YAP Nizami rayon təşkilatının fəalı


