
Cəbrayılın bərpası şəhərin gələcək demoqrafik strukturuna da təsir göstərir. İlk yaşayış kompleksində 712 mənzilin istifadəyə verilməsi, daha sonra ikinci və üçüncü komplekslərdə ümumilikdə 1361 mənzilin planlaşdırılması şəhərin yaşayış fondunun mərhələli şəkildə genişləndirildiyini göstərir.
Demoqrafik inkişaf yalnız mənzil sayının artması ilə ölçülmür. Şəhərə qayıdan ailələrin yaş strukturu, uşaqların sayı, gənclərin məşğulluğu, yeni ailələrin yaranması və şəhərə iqtisadi fəaliyyət üçün gələn insanların sayı gələcək sosial quruluşun əsas elementləridir.
Bu baxımdan təhsil və səhiyyə infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Məktəb və xəstəxana kimi obyektlərin yaradılması şəhərin yalnız bu günkü ehtiyaclarını deyil, gələcək əhali artımını da nəzərə alan sosial planlaşdırmanın hissəsi kimi çıxış edir.
Kəndlər üzrə də demoqrafik yanaşma müşahidə olunur. Horovluda birinci mərhələdə 1400 nəfərin məskunlaşdırılması nəzərdə tutulduğu halda, sonrakı mərhələlərdə digər sakinlərin də qayıtması planlaşdırılır.
Cəbrayılın gələcək demoqrafiyası buna görə yalnız keçmiş əhalinin geri qayıtması ilə müəyyənləşməyəcək. Doğma yurda qayıdan ailələrin yeni nəsillərinin burada böyüməsi və yeni iqtisadi imkanların yaranması şəhərin sosial strukturunun zamanla yenidən formalaşmasına gətirib çıxara bilər.
Ofelya Nəsirova,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 53” ərazi partiya təşkilatının sədr müavini


