“Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunur. Bu xüsusda 4 oktyabr tarixi Cəbrayıl şəhəri günü kimi qeyd olunur. Bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində Cəbrayıl azaddır, Cəbrayıl şəhərində və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Bu qələbə ordumuzun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilib, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Vətən müharibəsinin ilk günlərində şanlı Ordumuzun Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib. Cəbrayılda qazanılmış qələbələr Ordumuzun Xocavənd rayonunun kəndləri və strateji Hadrut qəsəbəsi yönündə hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratmış oldu.
“Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb. Çünki Xudafərin bizim üçün milli qürur məsələsidir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycan xalqı zəfərlər çalan xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar, hadisələr, qələbələr olub. Onların hamısı bizim üçün əzizdir, doğmadır. Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir. Cəbrayılın, ümumən Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, Allahdan rəhmət diləyir, qazilərimizə və veteranlarımıza can sağlığı arzulayıram.
Onun sözlərinə görə, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Cəbrayıl rayonunda da bərpa-quruculuq işləri sürətlə həyata keçirilir, insanların öz doğma yurd-yuvalarına qayıdaraq yaşaması və işləməsi üçün lazımi infrastrukturun yaradılması istiqamətində ciddi tədbirlər görülür. Qısa zamanda görülən işlərin onu deməyə əsas verir ki, tezliklə Cəbrayıl rayonunda görülən işlər uğurla başa çatacaq, cəbrayıllılar bu torpaqlarda yeni həyata başlayacaqlar.