Analitika

Cəbrayıl rayonunun infrastrukturu

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.Bu şəhərin tarixi çox qədimlərə dayanır.Ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında “şəhərcik qalıqlar”, “Qışlaq yerləri”, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri həm tarixi və həm də arxoloji baxımdan çox qiymətli memarlıq abidələridir. Bunlarla yanaşı Doğtumas kəndindəki “Başıkəsik Kümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı” Azərbaycan memarlığının nadir inciləri hesab edilməyə layiqdir. Bu baxımdan Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin də hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu sayda yazılı abidələr vardır ki, bunlardan biri – Ağoğlandakı Orxan yazılı abidəsi ulu keçmişimizin izlərini əks etdirən ən dəyərli daş salnamələrdən biridir.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. Rayon 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Erməni işğalı nəticə­sin­də rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuşdur.

2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi.

2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini–Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Həmçinin Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

Azad olinmuş ərazilərdə tez bir zamanda bərpa işləri başlamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl şəhərinin Baş planı 25 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə təsdiq edilib.

Cəbrayıl şəhərinin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərq olmuş məkan kimi planlaşdırılmasına imkan verib. Baş plana əsasən, ümumi yaşıllıqların sahəsi 110 ha təşkil edəcək, bununla da şəhər ərazisinin 18%-i yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay ətrafında salınması təklif edilən “yaşıl zolaq” mərkəzi park olaraq müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək. Azad olunandan sonra ilk olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Subartezian Quyularının İstismarı İdarəsi Cəbrayıl rayonunun Daşkəsən kəndindəki subartezian quyusunda təmir işi apararaq quyunu bərpa edib. Erməni faşistləri tərəfindən yararsız hala salınan subartezian quyusu tam işlək vəziyyətə gətirilib. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülmüşdür.

27 ildən bəri doğma el-obalarımıza qayıdacaqları günü həsrətlə gözləyən, dövlətimizə, möhtərəm Prezidentimizə həmişə öz sədaqətləri ilə fərqlənən Cəbrayıl camaatı yurd vüsalı arzulayırdı və Allaha çox şükür ki, onlar öz arzularına catdılar.

Gülnar Hüseynzadə,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button