AnalitikaGündəm

Cəbrayıl Rayonu: Tarixi Kök, Mədəni İrs və Yeni Səfərbərlik

Cəbrayıl rayonu  Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşir.Cənubdan İran İslam Respublikası ilə, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayon çox qədim tarixə malikdir.1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir.1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılaraq, Yelzavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edilmişdir.

Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,6 min kv.km, əhalisi 66360 nəfər olmuşdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrin axırlarında Cəbrayılda həftə bazarı yaranmışdı. 1840-cı ildən bazarda  rus pulları işləməyə başlamışdı. 1876-cı ilin avquyst  ayının 5-də Cəbrayılda  bir sinifli rus məktəbi açılır və nəhayət 1930-cu ilin avqust ayının 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində 1050 kv.km., əhalisi isə 24300 nəfər olmuşdur. 23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılmışdır.

Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434 min m3 olan Çaxmaqçay, Soltanlı tikinti qumu; ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı; ehtiyatları 4130 min m3 olan Cəfərabad qum-çınqıl qarışığı; ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları vardır. Rayonda yaşı 200-1600 illər arasında olan 14 ədəd iri diametrli şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu. Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir. 2006-2007-ci illər ərzində ermənilər tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilmişdir. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu əks-hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş torpaqlarımızda olduğu kimi, Cəbrayıl rayonunda da böyük quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button