Çağırışlar və ümidlər
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinində martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Əvvəlcə xatirə fotosu çəkdirilib.
X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlətimizin başçısına verib. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.
Forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olub. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib.
X Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında bəşəriyyətin qarşısında duran yeni çağırış və perspektivlər – yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər – iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin və inkişafın axtarışı yolları və digər mühüm mövzular barədə müzakirələr aparılıb, bu problemlərin həlli yolları araşdırılıb.
Qlobal Bakı Forumunun müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformaya çevrilməsində Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və bu təsisat çərçivəsində irəli sürdüyü təşəbbüslər də mühüm rol oynayır. Belə ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi qlobal problemlərə qarşı mübarizəyə öz töhfəsini verib. Qeyd edək ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir.
Quliyeva Aynur,
Xəzər rayonu, 123№li məktəbin müəllimi