Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin 10 mart 2020-ci il tarixdə ilk iclasında çıxış edərək qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır.Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması deməkdir.Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir.Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur.Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir.Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Müsəlman aləmində böyük nüfuzumuz var. Azərbaycanın siyasəti situativ deyil.
Sevil Rəfiyeva,
Nizami rayon 272 saylı məktəbin direktor müavini