Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır

Artıq üç ildir ki, Azərbaycan Zəfər gününü qeyd edir. Hər zəfər günü bir tarixi hadisə ilə yaddaşımıza həkk olunmuşdur. Bu dəfəki Zəfər günü isə Xankəndində keçirilən Zəfər paradı ilə yaddaşlara həkk olundu. Bu hərbi paradla bir daha göstərdik ki, Xankəndi Azərbaycanın qədim şəhərlərindən biridir. Qələbə paradı Azərbaycanın hərbi gücünü göstərməklə yanaşı, həm də onun tarixi ədaləti bərpa etməsini göstərir. Qürurverici andır ki, bu gün Azərbaycanın bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır. Xankəndidə bayrağı qaldırarkən cənab Prezident İlham Əliyevin verdiyi mesajlardan çıxan nəticələrdə bir daha təsdiq olundu ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bununla həm də düşmənlərimizə göstərdik ki, Azərbaycanla diqtə dili ilə danışmaq, ona zor tətbiq etmək mümkün deyil. Azərbaycan Ordusu hər an Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını həyata keçirməyə hazırdır.
“İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı”. Bu fikirləri noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad zamanı Prezident İlham Əliyev səsləndirib.
Dövlət başçısı çıxışında daha sonra qeyd edib ki, Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.
Prezident İlham Əliyev: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.”
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, biz artıq gələcəyə baxmalıyıq. Hazırda əsas hədəf dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin şahidləridir. Evlər, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib, izləri silmək üçün bütün tikililər dağıdılıb. Ermənilər unutdular ki, tarixi faktları, həqiqətləri silmək qeyri-mümkündür. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Azərbaycan dövləti daim tarixin yaddaşına söykənərək ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soqırımı siyasəti həyata keçirdiklərini dünyaya çatdırır. Bu gün danışan, qalib olan yalanlar deyil, tarixi faktlardır. Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etdi.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi