Analitika

Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır

21 dekabr xalqımız tarixi hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. İşğaldan azad olan ərazilərdə bu ilk dəfə keçirilən yarış idi. İlk dəfə olaraq bu yarışda qəhrəman şəhidlərimizin ailə üzvləri və uşaqları da iştirak etmişdi. Bu oyunun Xankəndində keçirilməsinin böyük siyasi mənası var. Xankəndi qədim Azərbaycan şəhəridir. Onun təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur. Daha sonra Azərbayca Respublikasının vəsaiti ilə Azərbaycan memarları və inşaatçıları tərəfindən böyük bir şəhər salınmışdır.

30 il ərzində  torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Üç ay bundan qabaq Xankəndi işğaldan azad edildi. Bir günlük Antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalgalanır.

Quruculuq-abadlıq işləri bütün Qarabağda aparılır. Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Özünə yenidən həyat tapan torpaqlarımızın yüksəlişi xalqımızın sevgisi və iradəsi ən qısa zamanda özünü əyani şəkildə göstərəcəkdir. Xankəndi stadionu cəmi iki ay ərzində yenidən inşa edilmişdir. Əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq. “Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Dörd il bundan əvvəl isə Xankəndi stadionunda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər.Biz xalq olaraq tarixi unutmamaqla həqiqətləri yaşatmalıyıq. İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı.  Müasir tariximizin Zəfər səhifələri bir çox hadisələr üçün başlanğıca çevrildi. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq!

Sübhan Ərəbi,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button