AnalitikaGündəmSiyasət

Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi həm simvolik, həm də siyasi baxımdan mühüm beynəlxalq hadisədir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və çıxışı təkcə mükafatın təqdim edilməsi kontekstində deyil, həm də regional və qlobal sülh gündəliyi baxımından mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının çıxışı Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin konturlarını, sülh prosesinin mahiyyətini və beynəlxalq əməkdaşlığın rolunu aydın şəkildə nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında əvvəlcə mükafata layiq görülməsini böyük şərəf kimi dəyərləndirdi və Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın uzaqgörən siyasəti və liderlik irsi sayəsində BƏƏ-nin qısa müddət ərzində dünyanın ən inkişaf etmiş və firavan dövlətlərindən birinə çevrildiyini, bu siyasətin hazırkı dövlət başçısı Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Cənab Prezident çıxışında Əl-Əzhərin böyük imamı doktor Əhməd Əl-Tayyib və Roma Papası Zati-müqəddəsləri Leo tərəfindən göstərilən təşəbbüsləri yüksək qiymətləndirərək onların dinlər və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynadıqlarını, bu kontekstdə Azərbaycan və Ermənistan arasında sülh prosesinə beynəlxalq ictimaiyyətin verdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan mövzulardan biri Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı mərhələsi oldu. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Ermənistan 30 ildən artıq müharibə şəraitində yaşamış, münaqişə və qarşıdurma regionun təhlükəsizliyinə və inkişafına ciddi maneələr törətmişdir. Lakin artıq altı aydır ki, iki ölkə sülh şəraitində yaşayır və bu yeni reallıq tərəflər üçün yeni imkanlar açır. Prezident İlham Əliyev sülh şəraitində yaşamağın xüsusi bir hiss olduğunu vurğulayaraq, Azərbaycanın müstəqillik əldə etdikdən sonra uzun müddət münaqişə şəraitində olduğunu, indi isə sülhün praktiki olaraq öyrənildiyini bildirdi.
Çıxışda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirilmiş tarixi Zirvə Görüşünün xüsusi rolu qeyd edildi. Prezident İlham Əliyev bu zirvə görüşünü sülh prosesində dönüş nöqtəsi kimi dəyərləndirərək, 2025-ci il avqustun 8-də imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişinin üç onillikdən artıq davam edən qanlı münaqişəyə son qoyduğunu bildirdi. ABŞ Prezidentinə sülh prosesinə verdiyi töhfəyə görə minnətdarlıq edən dövlət başçısı bu prosesin beynəlxalq vasitəçilik və siyasi iradə olmadan mümkün olmadığını vurğuladı.

Prezident İlham Əliyev çıxışında sülh prosesinin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, real əməkdaşlıq addımları ilə müşayiət olunduğunu qeyd etdi. Son altı ay ərzində Azərbaycanın Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırdığı, eyni zamanda neft məhsullarının ixracına başladığı bildirildi. Bu addımların iki ölkə arasında etimadın möhkəmləndirilməsi və iqtisadi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulandı.
Azərbaycan Prezidentinin çıxışında mühüm ideoloji tezislərdən biri Azərbaycanın sülh modeli oldu. O, Azərbaycanın əldə etdiyi sülh təcrübəsinin hələ də münaqişə şəraitində olan ölkələr üçün yol xəritəsi kimi öyrənilməli olduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, uzunmüddətli münaqişə, qarşılıqlı etimadsızlıq və ağır itkilərə baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək olduğu halda sülh mümkündür. Bu mesaj həm regional, həm də qlobal miqyasda münaqişələrin həlli üçün mühüm konseptual yanaşma kimi dəyərləndirilə bilər.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında sonuncu danışıqlar raundu məhz burada, Vaşinqton Sammitindən bir ay əvvəl baş tutmuş və son razılıq Əbu-Dabidə əldə edilmişdir. Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəstəyi ilə əldə olunan razılaşmanın daha sonra Vaşinqtonda rəsmiləşdirilməsi BƏƏ-nin sülh prosesində oynadığı konstruktiv rolun göstəricisi kimi təqdim olundu. Prezident İlham Əliyev mərasimin bu baxımdan rəmzi məna daşıdığını və sülh prosesinin mühüm mərhələlərinin Əbu-Dabi ilə bağlı olduğunu vurğuladı.

Çıxışın sonunda Azərbaycan Prezidenti mükafata layiq görülməsinə görə təşəkkürünü bildirərək, sülhün əldə olunmasında əməyi keçən bütün şəxslərə minnətdarlığını ifadə etdi. O, beynəlxalq ictimaiyyətin, dost ölkələrin və tərəfdaşların bu prosesdəki rolunu yüksək qiymətləndirərək, sülhün yalnız iki ölkə arasında deyil, daha geniş regionda sabitliyin və inkişafın təmin olunmasına xidmət etdiyini vurğuladı.

Beləliklə, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı Azərbaycanın beynəlxalq sülh təşəbbüslərinə verdiyi töhfəni, regional liderlik rolunu və multikulturalizm, dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki mövqeyini bir daha təsdiqlədi. Azərbaycanın sülh təcrübəsi və siyasi iradəsi münaqişə və qarşıdurmalarla üzləşən regionlar üçün mühüm nümunə kimi təqdim olundu və bu modelin qlobal sülh gündəliyinə verdiyi töhfə açıq şəkildə nümayiş etdirildi.

Daşqın Mikayılov,
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button