Analitika

Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir çox mühüm məsələlərə toxunub. Dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu.

Prezidentin müsahibəsində işğaldan azad edilən ərazilərdəki quruculuq işləri, burada tam yeni infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin öz döğma yurdlarına qayıdışı məsələlərinə geniş yer verilib. Qeyd edilib ki, bu günə qədər burada xeyli iş görülüb. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı artıq bir neçə dəfə müzakirədən keçib və yaxın vaxtlarda təsdiq ediləcəkdir. Əldə edilən əsas nailiyyətlərdən biri odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıblar.

Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Azad edilən ərazilərdə su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, sosial və digər təyinatlı obyektlərin tikintisi davam edir, bəziləri artıq istifadəyə verilib. Suqovuşan su anbarı yenidən qurulub, indi kanallar çəkilir. Bu il Zabuxçay Su Anbarının inşası tamamlanacaq və bu da böyük ərazini suvarma suyu ilə təmin etməyə imkan verəcəkdir. Yaxın vaxtlarda Füzulidəki Köndələnçay Su Anbarının açılışı olacaqdır.

Yaradılan infrastruktur layihələri bu il daha böyük sayda keçmiş məcburu köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılmasına imkan verir. Bu il məcburu köçkünlərin beş şəhərə – Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhərinə qayıdışı təmin ediləcək. 2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulub.

Bununla paralel olaraq təməli qoyulan bir çox kəndlərə də keçmiş köçkünlər qayıdacaqlar. Artıq tamamilə dağılmış vəziyyətdə olan Laçın rayonunun Sus kəndi, Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin bərpasına başlanılıb.

Əsas hədəf isə 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Xüsusi olaraq verğulanmalıdır ki, işğaldan azad edilən ərazilərdə həyata keçirilən bütün işlər ölkəmizin öz daxili imkanlari hesabına edilir. Heç bir donor təşkilatı, heç bir digər tərəf bizə kömək göstərmir. Ancaq Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı qardaş dəstəyi göstəriblər və bütün digər layihələr daxili imkanlar hesabına reallaşdırılır. Həmçinin özəl sektot tərəfindən artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə icra edilir.

Ölkə başçısı öz müsahibəsində qeyd edib ki, vaxt gələcək biz Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik. Burada bərpa edilən bütün şəhərlərin, o cümlədən Şuşa şəhərinin Baş planları dünyanın, Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanıb. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək.

Eyni zamanda döqma yurdlarına qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı müvafiq qurumlar ciddi məşğuldur. Yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır, bu işlər gələcəkdə də davam etdiriləcəkdir. Ağdam və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.

Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsi Azərbaycan reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, anti-Azərbaycan dairələrin əks-təbliğatının darmadağın edilməsi üçün də böyük əhəmiyyət daşıyır.

Sübhan Ərəbi
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button