Bu günün gəncləri Azərbaycanın gələcəyidir

Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan gənclərinə inandığını, dövlətimizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edirdi. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. XX əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər, onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları bilən liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Ulu öndərin imzaladığı sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi.
Gəncləri “Azərbaycanın gələcəyi “ adlandıran Heydər Əliyev onlara hər zaman qayğı göstərməyin vacibliyini qeyd edirdi. Gənclərin mənəvi inkişafı,vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili ,gənclər təşkilatlarının yaranması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 1997-ci il fevralın 2-də Azərbaycanda “Gənclər Günü”nün elan olunması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu.
Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı fikirləri və onun yaratdığı fəlsəfi ideyalar bu gün də aktualdır. Müdrik şəxsiyyətin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir.Dövlət başçımız 2007-ci ili “Gənclər ili”elan edib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və 2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramları nəticəsində bu günə kimi 5000-dən artıq gəncimiz dünyanın ən nüfuzlu məktəblərində təhsil alıb. Ölkə başçısı tərəfindən 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun yaradılması gəncliyin inkişafında mühüm rol oynadı.
Ulu öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Azərbaycan gənclərinə artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. Cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyyətin böyük əksəriyyətini gənclər təşkil edir. 2016-cı ilin aprelində təmas xəttində düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə münasibətdə Heydər Əliyev kursunun, İlham Əliyev siyasətinin təntənəsidir.
Bugünkü müasir Azərbaycan gənclərinin dünyagörüşü daha fərqlidir, dünyada gedən proseslərə yaxşı bələddirlər, eləcə də yüksək analiz etmək qabiliyyətinə malikdirlər. Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq.
Xəlilova Firəngiz,
Xəzər rayonu, 234 №li məktəbin müəllimi