
Oktyabr ayının 7-sində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Zirvə görüşündə Prezident İlham Əliyev çıxış edərək bir sıra prioritet məsələlərlə bağlı fikirlərini bildirdi, mühüm mesajlar verdi.
O, Türk Dövlətləri Təşkilatının son dövrlərdəki fəaliyyətinə toxunaraq dedi: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”
Türk xalqlarının birliyi və qarşılıqlı əməkdaşlığı ideyası əsrlərlə formalaşan, dərin tarixi və mənəvi köklərə malik bir çağırışdır. XXI əsrdə bu ideya artıq reallığa çevrilmiş, Türk Dövlətləri Təşkilatı (TDT) müasir beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi güc mərkəzi kimi formalaşmaq mərhələsinə qədəm qoymuşdur. Təşkilat yalnız ortaq etnik və mədəni dəyərlərə əsaslanmır, eyni zamanda siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində strateji əməkdaşlıq platforması kimi çıxış edir.
Türk dövlətləri arasında əməkdaşlıq ideyası XX əsrin sonlarında — müstəqilliyini yenidən bərpa etmiş Mərkəzi Asiya respublikaları və Azərbaycan üçün yeni dövrdə aktuallaşdı. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə toplantısında Türk Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) yaradılması haqqında qərar qəbul edildi. Bu hadisə türk dünyasının birliyinin rəsmi əsasının qoyulması baxımından tarixi əhəmiyyətə malik idi.
Təşkilatın təsisçi üzvləri — Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olmuş, daha sonra Özbəkistan tamhüquqlu üzv kimi qoşulmuşdur. Türkmənistan və Macarıstan müşahidəçi statusunda iştirak etməklə, bu qurumun təsir dairəsinin yalnız türk dövlətləri ilə məhdudlaşmadığını da göstərir. Bu gün TDT-nin fəaliyyəti regional əməkdaşlıqdan qlobal miqyasda siyasi və iqtisadi təsir gücünə malik bir platformaya çevrilmək istiqamətində inkişaf edir.
Dünyada baş verən geosiyasi dəyişikliklər — xüsusən enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının yenidən formalaşması, yeni iqtisadi mərkəzlərin meydana gəlməsi fonunda Türk Dövlətləri Təşkilatı mühüm strateji mövqeyə sahibdir. Təşkilata üzv ölkələrin yerləşdiyi coğrafi məkan Avrasiyanın mərkəzində yerləşir, Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən əsas nəqliyyat, enerji və kommunikasiya xətlərinin keçdiyi strateji zonadır. Məhz bu səbəbdən, türk dünyasının inteqrasiyası təkcə mədəni birləşmə deyil, həm də geosiyasi güc balansının dəyişməsi anlamına gəlir. Bu gün TDT regionda sülh, sabitlik və əməkdaşlıq məkanının formalaşmasına, beynəlxalq müstəvidə türk dövlətlərinin maraqlarının müdafiəsinə yönəlmiş vahid mövqe nümayiş etdirir.
Türk Dövlətləri Təşkilatının güclənməsində və real geosiyasi aktora çevrilməsində Azərbaycan Respublikasının və onun Prezidenti İlham Əliyevin rolu xüsusilə qeyd edilməlidir. Azərbaycan həm təşəbbüskar mövqeyi, həm də həyata keçirdiyi regional layihələrlə Türk birliyinin möhkəmlənməsinə böyük töhfə verir.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “Türk dünyasının birliyi gələcəyin təminatıdır”. Azərbaycan bu birliyin mərkəzində dayanaraq, TDT-nin siyasi və iqtisadi inteqrasiyasını dərinləşdirən təşəbbüslərin əsas müəlliflərindən biridir. Xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar türk dünyasının coğrafi birləşməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bu dəhliz Türk Dövlətləri Təşkilatını Qafqazdan Mərkəzi Asiyaya birləşdirən strateji körpüyə çevirəcək.
TDT-nin geosiyasi mərkəzə çevrilməsində iqtisadi və enerji əməkdaşlığı həlledici rol oynayır. Azərbaycan və Türkiyə bu istiqamətdə birgə layihələri ilə təşkilatın dayanıqlı iqtisadi sütunlarını formalaşdırmışdır. Cənub Qaz Dəhlizi, TANAP, BTC kimi beynəlxalq enerji layihələri türk dövlətlərini Avropanın enerji təhlükəsizliyi sisteminə daxil etmişdir.
Qazaxıstanın və Türkmənistanın nəhəng enerji ehtiyatları, Özbəkistanın sənaye potensialı, Azərbaycanın enerji infrastrukturundakı təcrübəsi və Türkiyənin geostrateji mövqeyi birlikdə götürüldükdə, TDT-nin qlobal enerji bazarlarında önəmli aktora çevrildiyi aydın görünür.
Türk Dövlətləri Təşkilatını geosiyasi baxımdan önə çıxaran əsas amillərdən biri də nəqliyyat-kommunikasiya sistemləridir. Bu gün Orta Dəhliz layihəsi türk dövlətlərini Avropa və Asiya arasında mühüm tranzit halqasına çevirir.
Bu gün Türk Dövlətləri Təşkilatı BMT, İƏT, ECO, QDİƏT və digər beynəlxalq strukturlarla əməkdaşlıq əlaqələrini genişləndirir. Türk dövlətlərinin beynəlxalq arenada artan nüfuzu və diplomatik fəaliyyətinin koordinasiyası TDT-nin siyasi çəkisini daha da artırır.
Prezident İlham Əliyev 2024-cü ilin noyabrında Bişkekdə keçirilən 11-ci Zirvə görüşündə qeyd etmişdi ki, “Türk Dövlətləri Təşkilatı artıq ciddi beynəlxalq təsir gücünə malik quruma çevrilmişdir və bu birliyin möhkəmlənməsi qlobal ədalətin bərpası baxımından da vacibdir.”
Türk Dövlətləri Təşkilatının formalaşması təkcə siyasi birlik deyil, həm də iqtisadi, mədəni və təhlükəsizlik baxımından yeni Avrasiya güc mərkəzinin yaranması deməkdir. Bu təşkilat müasir dünyanın dəyişən reallıqları fonunda türk dövlətlərinin milli maraqlarını qoruyan, onları qlobal proseslərdə daha güclü və təsirli edən bir platformaya çevrilmişdir.
Azərbaycanın strateji təşəbbüsləri, Türkiyənin qlobal təsir gücü, Mərkəzi Asiya ölkələrinin resurs və coğrafi üstünlükləri bir araya gəldikdə, Türk Dövlətləri Təşkilatı artıq gələcəyin beynəlxalq münasibətlər sistemində vahid türk güc mərkəzi kimi formalaşmaqdadır.
Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri