Analitika

Bu gün Qarabağ və ətraf rayonlar dönməz bir iradə ilə azadlıqdan abadlığa daşınır

Cəbrayıl rayonu, Azərbaycanın Qarabağ bölgəsində yerləşir və tarix boyunca zəngin mədəni və iqtisadi irs ilə zirvələnmişdir. Lakin 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi, rayonun faciəvi dəyişikliklərlə üz-üzə qalmasına səbəb oldu. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğalın nəticələri dəhşətli oldu. Rayon 13,928 milyard ABŞ dolları məbləğində ziyan çəkdi. 1050 kvadrat kilometr ərazisi və 52,000 nəfərlik əhalisi olan Cəbrayıl rayonu erməni işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olmuşdur. Cəbrayıl rayonunun infrastrukturu da ciddi ziyan çəkmişdir. İşğaldan əvvəl rayonda sement, mərmər, mişar daşı, dəmir filizi, hətta neft yataqları da var idi. Elmin, mədəniyyətin və maarifin inkişafı yüksək səviyyədə idi. Rayonun ümumi olaraq 510 çarpayılıq xəstəxanalarında 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəniyyət evi və avtoklub, 78 kitabxana və 1 muzeyi vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz və bir sıra digər iqtisadi təşkilat fəaliyyət göstərirdi.

Lakin, erməni vandalizmi rayonun mədəni və tarixi irsini dağıdıb məhv etdi. Bir çox tarixi məqbərə, abidə və körpülər işğal zamanı məhv edildi, dağıntıya məruz qaldı.

Cəbrayıl rayonundan olan məcburi köçkünlər Azərbaycanın müxtəlif bölgələrinə köç edərək yeni yaşayış məntəqələri axtardılar. Bu, onların həyat şəraitinin dəyişdiyi və yeni başlanğıcların olduğu bir dövrdü. 44 günlük vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə Cəbrayıl şəhəri işğaldan azad edildi. Bu döyüşlərdə iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi bölgənin bərpa-quruculuğu üçün bir bəhanə oldu. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, elektrik təchizatının artırılması, yeni yol və infrastruktur layihələri rayonun inkişafına böyük təkan verir. Hətta Cəbrayıl rayonunda  240 meqavat gücə malik yeni bir elektrik enerjisi stansiyasının inşası planlaşdırılır.

Bu tarixi hadisələr, bərpa-quruculuq fəaliyyətləri Cəbrayıl rayonunun tarixini və inkişafını yenidən nümayiş etdirir. Prezident İlham Əliyev müvafiq tapşırıqlarına əsasən rayonun bərpasına və inkişafına ciddi əməl olunur. 2021-ci ilin oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda səfərdə olmuşdur. Dövlətimizin başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoyub, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini atdı.

Sonra, o, 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının açılışında iştirak edib, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Dövlətimizin başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoydu.

Daha sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Hər bir səfərində atdığı adımlarla və etdiyi çıxışlarla tarix yazan Ali Baş Komandan İlham Əliyev cənabları, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə tarixi görüşdə də, bir çox vacib məqamlara toxundu. Çıxışı zamanı o, ötən bir il ərzində görülmüş işlərin Azərbaycanın gücünün və potensialının nümayiş etdirdiyini, işğaldan azad olunmuş bütün ərazilərin erməni vəhşiliyinin sübutu olduğunu və “Araz Vadisi İqtisadi Zonası”nın yaradılmasının bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisə olduğunu qeyd etdi. Sonra Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsinin və Cəbrayıla 4-6 zolaqlı yolun çəkilişinin böyük önəmlərindən söz açdı. Çıxışında, Böyük Qələbəmizin unudulmaz tarixinın bir hissəsi olan oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edilməsi idi. Bu Qələbənin böyük mənası olmasını ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhərin, rayon mərkəzinin azad edilməsinin çox böyük rəmzi mənasını bildirdi. Sonra bu qələbənin  bizim Ordumuza əlavə güc və inam verdiyini qeyd edərək, Qələbədən sonra şanlı Ordumuzun öz tarixi missiyasını digər yerlərdə də icra etdiyini bildirdi.

Azərbaycanın Ermənistan üzərində qazandığı qələbə regionda, ümumiyyətlə dünyada yaratdığı yeni vəziyyət və bu vəziyyətlə barışa bilməyən qüvvələrin gerçək sifətlərinin üzə çıxması, zəfərədək bizə dost, qardaş deyən bəzi qüvvələrin, zəfərdən sonra buynuz çıxartmaları haqqında da, bəzi qeydlər etmək istərdim. 30-illik ağrılı, acılı işğaldan sonra, Azərbaycan qəti həmlə ilə və ya əks həmlə ilə öz torpaqlarını işğaldan azad etdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi.

Bu gün Qarabağ və ətraf rayonlar dönməz bir iradə ilə azadlıqdan abadlığa daşınır. Səngər qazılan yerlərdə təməllər atılır, mina basdırılan yerlərdə ağaclar əkilir, yandırılmış sahələrdə parklar salınır, dağıdılmış yolların yerində tunellər, körpülər tikilir. Azərbaycan hər şey edir ki, region və bütün dünya qlobal fəlakətlərdən və onların fəsadlarından qorusun, bu amal üçün sinəsini bəşəri yola çevirir. Bu yol kimiləri üçün hava, kimiləri üçün quru, kimiləri üçün dəmir yoludur. Qarabağ münaqişəsinin bitməsinə də, bütün dostlar, mütəfiqlər, ümumiyyətlə sağlam düşüncəyə malik olanlar ona görə sevinirlər ki, bir şeyə əmindirlər ki, Azərbaycan bu qələbənin nəticələrini başqa vəzifə və planları kimi məhz humanizm prinsipləri əsasında milli dəyərlərimizə uyğunlaşdıraraq quracaq.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi və bərpa-quruculuq prosesləri Azərbaycanın ərazi bütövlüyünün qorunması və bölgənin bərpasına dair böyük bir nailiyyətdir. Bu rayonun tarixi və müasir hadisələri Azərbaycanın mövcud və gələcək perspektivlərinin bir simvoludur.

Mürsəl Mürsəlov,
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Sanator-Kurort Reabilitasiya Mərkəzinin
Baş direktoru Bakı şəhəri

Oxşar Xəbərlər

Back to top button