
Prezident İlham Əliyev 28 may 2025-ci ildə Laçında çıxışı ilə ölkənin həm tarixi yaddaşına, həm də gələcəyə olan inamına mühüm bir mesaj verdi. Müstəqillik Günündə baş tutan bu çıxış Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu, suverenliyinin gücləndiyi bir dövrə təsadüf etdi. Laçın kimi strateji və simvolik əhəmiyyətə malik bir ərazidə edilən bu müraciət xalqda həm qürur hissi, həm də milli birlik duyğusunu gücləndirdi.
Prezidentin çıxışında vurğuladığı əsas məqamlar arasında regionda aparılan bərpa-quruculuq işləri, Laçının yenidən dirçəldilməsi və sakinlərin doğma yurdlarına qayıdışı oldu. O bildirdi ki, Laçın artıq təkcə tarixi bir məkan deyil, həm də gələcək inkişafın, dirçəlişin nümunəsinə çevriləcək. Bu fikirlər azad edilmiş ərazilərdə həyata keçirilən planlı və ardıcıl fəaliyyətin bariz göstəricisi kimi dəyərləndirildi.
Çıxış zamanı Prezident eyni zamanda beynəlxalq aləmə də çağırış ünvanladı. O, Azərbaycanın hüquqi mövqeyinin güclü olduğunu və heç bir təzyiqin ölkənin milli maraqlarından üstün tutulmayacağını açıq şəkildə bəyan etdi. Bu çıxış həm də regionda sülh və sabitliyə töhfə verən Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirdi.
Laçında səsləndirilən bu nitq təkcə siyasi deyil, həm də mənəvi bir hadisə kimi yadda qaldı. Tarixi torpaqlarda ucalan səslə verilən bu mesaj, Azərbaycanın gələcək nəsillərinə miras qalacaq milli iradənin simvolu oldu.
Ələkbər Novruzov,
YAP Xəzər rayon təşkilatının fəalı