Bu gün iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur
Toplantıdakı çıxışlar və tədbir çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər Azərbaycana verilən önəmə və dəyərə bir daha işıq saldı. Xarici siyasətində ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu sahələrdə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Ölkəmiz bu və ya digər sahələrlə bağlı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, yaxud digər ölkələrdə keçirilən belə tədbirlərə qatılır. Bütün hallarda bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun göstəricisidir.
Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirildi. Toplantıdakı çıxışında “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində Azərbaycanın sədrliyi çərçivəsində reallaşan tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirildiyini, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradıldığını xüsusi vurğuladı. Bildirdi ki, turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib.
Tarixə nəzər salsaq , Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Azərbaycan- Özbəkistan arasında münasibətlərin genişlənməsi üçün ölkələr arasında bir sıra bəyannamələr, müqavilələr imzalanıb. Qürurverici hal isə budur ki, Özbəkistan Qarabağdakı quruculuq işlərinə qoşulub. Əminik ki, bundan sonra da dövlətlərarası münasibətlər yüksələn xətlə davam edər.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi