AnalitikaGündəmSiyasət

Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq

Qlobal Bakı Forumu beynəlxalq dialoq və sosial-humanitar məsələlərin müzakirə edildiyi platforma kimi Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir. Forum, yalnız Azərbaycanın regional və qlobal səviyyədəki rolunu möhkəmləndirmək üçün deyil, həm də dünya siyasətindəki əsas dinamikaların təhlil olunmasına və yeni əməkdaşlıq imkanlarının ortaya çıxması baxımından əhəmiyyətlidir. Forumun əhəmiyyəti, həmçinin, beynəlxalq təhlükəsizlikdən iqtisadi əməkdaşlığa, iqlim dəyişiklikləri ilə mübarizədən yeni texnoloji inkişaflara qədər müxtəlif sahələrdə müzakirələrin aparılması ilə daha da artır. Martın 12-də “Gülüstan” sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlamışdır. Mövcud vəziyyət qlobal siyasi sistemin dərin transformasiyalarla üzləşdiyi reallığı təcəssüm etdirir. Köhnə dünya nizamı arxada qalır, yeni geostrateji arxitektura formalaşır. Dünyadakı güc mərkəzləri arasında qütbləşmə maksimum həddə çatıb. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu, regional əməkdaşlıq perspektivləri və nəqliyyat-logistika layihələrinin əhəmiyyəti barədə mühüm fikirlər səsləndirdi.

Cənab Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri regionda sülh gündəliyi və bu kontekstdə yeni nəqliyyat imkanlarının yaradılması ilə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşması nəinki siyasi baxımdan, həm də iqtisadi və logistika baxımından yeni imkanlar açır. Xüsusilə Cənubi Qafqaz regionunun qlobal ticarət yollarında strateji mövqeyi bu imkanları daha da aktuallaşdırır.

Prezidentin çıxışında vurğulanan əsas məsələlərdən biri də Orta Dəhliz layihəsinin inkişafı oldu. Qeyd olundu ki, hazırda Azərbaycanın tranzit imkanlarına tələbat əhəmiyyətli dərəcədə artıb və bu səbəbdən ölkə mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsinə əlavə investisiyalar yatırır. Bu proses xüsusilə Asiya ilə Avropa arasında alternativ və təhlükəsiz ticarət marşrutlarına ehtiyacın artdığı bir dövrdə böyük əhəmiyyət daşıyır.

Dövlət başçısı çıxışında xüsusilə diqqətə çatdırdı ki, Ermənistan ilə sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqamətinin yaradılması üzərində fəal iş aparılır. Bu istiqamət Ermənistan ərazisindən keçməklə regionda yeni iqtisadi və logistika reallıqları formalaşdıra bilər. Prezidentin sözlərinə görə, belə bir marşrutun açılması Ermənistan üçün də yeni iqtisadi perspektivlər yaradar. Belə ki, bu ölkə müstəqil tarixində ilk dəfə real tranzit ölkəsi statusu qazana bilər. Bu yanaşma regional əməkdaşlığın yeni mərhələyə keçə biləcəyini göstərir. Əgər sülh sazişi imzalanarsa və kommunikasiya xətləri açılarsa, bu, yalnız tərəflər üçün deyil, bütün region üçün qarşılıqlı faydalı bir vəziyyət yarada bilər. Prezident İlham Əliyev də çıxışında məhz “qarşılıqlı uduşlu vəziyyət” prinsipini ön plana çəkərək əməkdaşlıq modelinin mümkün nəticələrinə diqqət çəkdi.

Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan regionda sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Ölkə yalnız öz milli maraqlarını deyil, eyni zamanda region dövlətlərinin və daha geniş coğrafiyanın iqtisadi inkişafını nəzərə alan layihələr həyata keçirir. Nəqliyyat dəhlizlərinin açılması, enerji əməkdaşlığının genişlənməsi və yeni kommunikasiya xətlərinin qurulması bu siyasətin əsas istiqamətlərindəndir.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button