AnalitikaGündəmSiyasət

Bu gün Azərbaycan qadınları siyasət, elm, incəsənət və idman sahələrində böyük uğurlar əldə edibdir

Azərbaycan tarixi boyunca qadınlar cəmiyyətin inkişafında mühüm rol oynamışlar. Qədim dövrlərdən etibarən analar ailənin dayağı olmuş, ticarət və sənətkarlıq sahələrində kişilərlə bərabər çalışmışlar. Xalq arasında qadınlara böyük hörmət bəslənmiş, bir çox miflərdə və dastanlarda onların fədakarlığı, qəhrəmanlığı tərənnüm edilmişdir.

Orta əsrlərdə Azərbaycan qadınları dövlət işlərində iştirak etmiş, bəzi hallarda hakimiyyətin idarə olunmasında əhəmiyyətli fiqura çevrilmişlər. Xurşidbanu Natəvan kimi ziyalı qadınlar ədəbiyyat və incəsənətin inkişafına mühüm töhfələr vermişlər. Eyni zamanda, qadınlar maarifçilik hərəkatında fəal iştirak edərək cəmiyyətin mədəni inkişafına təsir göstərmişlər.

XX əsrdə Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu daha da artmışdır. Xüsusilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi bu istiqamətdə atılan ən önəmli addımlardan biri olmuşdur. Sovet dövründə qadınlar elm, sənaye və idarəçilik sahələrində mühüm mövqelər tutmuşlar.

Müstəqillik dövründə Azərbaycan qadınları müxtəlif dövlət strukturlarında və beynəlxalq təşkilatlarda yüksək vəzifələrə təyin olunmuş, gender bərabərliyinin təmin olunmasına töhfə vermişlər. Qadın haqlarının qorunması istiqamətində qəbul edilən qanunlar onların cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirmişdir.

Bu gün Azərbaycan qadınları siyasət, elm, incəsənət və idman sahələrində böyük uğurlar əldə edərək ölkənin inkişafına töhfə verməyə davam edirlər. Onların təhsilə, ictimai fəallığa və iş dünyasına qatqısı gələcəyin daha güclü və bərabərhüquqlu bir cəmiyyət qurulmasına xidmət edir.

Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button