Analitika

Bu gün Azərbaycan ilə Slovakiya arasında münasibətlər artıq daha yüksək səviyyəyə çatmaq üzrədir

Azərbaycan Respublikasının xarici dövlətlərlə əməkdaşlığı, qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi və genişləndirilməsi bütün sahələrdə inkişafa zəmin yaradır. Beynəlxalq aləmdə yüksək nüfuza, iqtisadi yüksəlişə  malik olan dövlətimiz özünə daim yeni strateji tərəfdaşlar axtarışındadır. Bu gün bir çox dövlətlərlə yanaşı, Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların, sənədlərin qəbul edilməsinə diqqət ayırır. Ötən illər ərzində Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Slovakiya əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.

Azərbaycan-Slovakiya münasibətləri  hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildən tanısa da Azərbaycan ilə Slovakiyanın diplomatik əlaqələri 23 noyabr 1993-cü ildən qurulmuşdur. 2000-ci ilin fevral ayında Slovakiya Respublikasının xarici işlər naziri Eduard Kukan Azərbaycana işgüzar səfər edib. 1 fevral 2000-ci il tarixində Azərbaycan Respublikasının prezidenti, ümumilli lider Heydər Əliyev nümayəndə heyətini qəbul edib. Danışıqlar zamanı Eduard Kukan “Qarabağ problem”inin  Azərbaycan üçün ağır nəticələrindən bəhs etmişdir. Problemin həllinin ən qısa zamanda tapılmasına ümid etdiklərini vurğulamışdır.. Səfər zamanı  Azərbaycan Respublikası və Slovakiya Respublikası arasında  protokol imzalanıb. Birgə bəyanatda göstərilir ki,  hər iki tərəf arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında razılaşma əldə olunub.

Prezident İlham Əliyevin 2004-cü ildə Slovakiyaya rəsmi  səfəri ikitərəfli münasibətlərin genişlənməsində böyük rol oynayıb. O, ölkələrimiz arasında parlamentlərarası münasibətlərin də inkişaf etməkdə olduğunu və Milli Məclisdə Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun  13 dekabr 2005-ci ildən etibarən fəaliyyət göstərdiyini xatırladıb. 2021-ci ilin oktyabrında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” imzalanmış saziş iki ölkə arasında iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb.

Prezident İlham Əliyevin Cari ilin may ayının 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda  Slovakiya Baş nazirinin Azərbaycana səfəri, imzalanan sənədlər, aparılan müzakirələr iki ölkə arasında əlaqələrdə yeni səhifə açır. Səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək səviyyəyə qaldırır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu bəyannamədə əks olunan maddələr gələcək əməkdaşlığın perspektivlərini müəyyən edir.

“Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və onlar yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və xarici dövlətlərlə energetika sahəsində əməkdaşlıq genişlənməkdədir. Ölkəmiz hazırda dünyanın 8 ölkəsinə təbii qazını ixrac edir. Slovakiya 9-cu ölkə olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün imkanlar yaranıb. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.Slovakiyanın Baş naziri Robert Fitso isə bildirib ki, ölkəsi Azərbaycan qazını almaq və Ukraynaya ixrac etməkdə maraqlıdır. Həmçinin, kiçik hərbi aerodrom və enerji sahəsində layihələr Slovakiya üçün maraqlıdır.

Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər də var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir. Azərbaycan azad olunan ərazilərin minalardan təmizlənməsi sahəsində də Slovakiya ilə əməkdaşlıq edir. Belə ki, Slovakiyadan yeddi minatəmizləmə texnikasının alınması ilə bağlı ANAMA tərəfindən müvafiq sənəd imzalanıb. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.”

Bu səfər zamanı iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, sərmayə layihələrinin reallaşdırılması, biznes mühitinin yaxşılaşdırılması diqqət mərkəzində olub..

O “Slovakiya Baş nazirinin səfəri zamanı verilən mesajlardan da aydın oldu ki, müstəqil siyasət aparan Azərbaycan və Slovakiya bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Avropa İttifaqının üzvü olmasına baxmayaraq, Slovakiya Aİ-nin digər ölkələrin daxili işlərinə qarışmasının, həmçinin onlara subyektiv münasibət göstərilməsinin əleyhinədir. Eyni zamanda, rəsmi Bratislava Bakı ilə Avropa İttifaqı arasında körpü olmağa hazırdır. R.Fitso Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqına təqdim etmək niyyətini də bəyan etdi. Bu da ikitərəfli münasibətlərdə sağlam yanaşmanın göstəricisidir. Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır”. Slovakiyanın Baş naziri Robert Fitso isə öz çıxışında qeyd etmişdir ki, iki ölkəni birləşdirən məqamlar və məhfumlar çoxdur. Avropa İttifaqına üzv ölkə olmağımıza baxmayaraq, bizi birləşdirən praqmatik yanaşma, xarici siyasətdir. Eyni zamanda, bizi o fakt birləşdirir ki, biz dünyaya hər dörd istiqamətdə baxırıq, yalnız Qərb və ya bir istiqamətdə köklənmirik. Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq. Əlbəttə ki, başqalarının işlərinə müdaxilə olunmaması, ərazi bütövlüyünün aliliyi bizim üçün ən başlıca amillərdir.

Göründüyü kimi, Azərbaycan xarici siyasətində vacib istiqamətlərdən biri olan Avropa ölkələri ilə ikitərəfli qaydada münasibətlərini dərinləşdirir və özünün, tərfdaşlarının mənafelərinə, eləcə də regionda təhlükəsizlik və əməkdaşlığın genişlənməsinə töhfə verir. Dövlətlərarası münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, uğurlu əməkdaşlıq üçün müstəsnadır. Azərbaycan  və Slovakiya arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı hörmət və maraqlar əsasında qurulur. Əminliklə demək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.

Bəşirli Nubar,
Bakı Slavyan Universiteti Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrası

Oxşar Xəbərlər

Back to top button