Analitika

Bu ağır məqamda Azərbaycan Türkiyəyə yardım göstərməyə hazır olduğunu bildirdi

2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçımızın tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb.

Türkiyənin cənub-şərqində Kahramanmaraş vilayətində bir-birinin ardınca episentri 7,4 – 7,6 bal olan güclü zəlzələ ürəyimizdə qanı, gözümüzdə yaşı dondurdu. Qəhər boğazımızda düyünləndi. Dəhşətli zəlzələnin qurbanlarının sayı artdıqca ürəyimizin sızıltısı da çoxalırdı. Hamımız sarsılmışdıq, hər birimiz sanki o binaların üstümüzə yıxıldığını hiss edirdik. Çünki dağıntılar altında qalanlar can, qan qardaşlarımızdır. Belə bir deyim var “dərd gələndə batmanla gəlir”. Bəli, bu dəfə də Türkiyənin dərdi batmanla gəldi… Baş verən zəlzələdə həlak olanların və xəsarət alanların acısı təkcə Türkiyənin deyil, bizim ortaq acımızdır. Biz bunu öz kədərimiz kimi yaşayırıq. Hadisə ilə bağlı Prezident İlham Əliyev qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çox sayda insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin”.

Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər 6 fevral tarixində Türkiyəyə yola salınıb və artıq fəaliyyətə başlayıb. Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti artıq Türkiyəyə yola düşüb. Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqlaAzərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da bu gün qardaş ölkədədir.

Fevralın 6-dan hazırkı zamana kimi Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Birinci təyyarə fevralın 6-da saat 13:25-də yola düşüb və Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyətini fəlakət zonasına çatdırıb. İkinci təyyarə fevralın 6-da 17:25-də yola düşüb, FHN-in 233 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını aparıb. Üçüncü təyyarə fevralın 6-da saat 20:50-də yola düşüb, FHN-in 21 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını Türkiyəyə çatdırıb.Dördüncü təyyarə fevralın 7-də saat 09:40-da yola düşüb, 41 nəfərlik tibbi heyəti və mobil səhra hospitalına aid 4 konteyneri aparıb.Beşinci təyyarə fevralın 7-də saat 14:00-da yola düşüb, səhra hospitalı üçün 3 konteyner və FHN-in şəxsi heyətinin təminatı üçün yük aparıb.Altıncı təyyarə fevralın 8-də saat 01:00-da yola düşüb, FHN-in 4 nəfər şəxsi heyəti və şəxsi heyətin təminatı üçün ərzaqlar və humanitar yardım aparıb.Yeddinci təyyarə fevralın 8-də saat 09:46-da yola düşüb, FHN-in 229 nəfərlik şəxsi heyətini, xilasetmə avadanlıqlarını və FHN-in şəxsi heyəti üçün təminat vasitələrini aparıb.

Həmçinin Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.

Bu gün dünyada ikinci belə bir dövlət yoxdur ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dayaq, dəstək, qardaş ola. Tarixi köklərimiz, ortaq dəyərlərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün cətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik və gələcəyik. Azərbaycan-Türkiyə birliyinin verdiyi güc və əzmlə tezliklə qardaş Türkiyədəki təbii fəlakətin nəticələrini də aradan qaldıracağıq. Qurtuluş savaşı mücadiləsi vermiş bir millət üçün bu günlər də keçər. Azərbaycanlılar isə hər zaman türkiyəli qardaş­larının yanında olacaq. Çünki birlikdə dirilik var.

Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button