“Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan”
XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Çünki tarixdə onun Heydər Əliyev kimi dühası, müdrik rəhbəri var idi. Heydər Əliyev XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və qəbul edilən bir şəxsiyyət idi. Heydər Əliyev 34 illik çoxcəhətli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış, ümummilli lider statusunu qazanmışdır. Onun möhkəm iradəsi, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı
1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dönəm Azərbaycanın siyasi nüfuzu, iqtisadi inkişafı, mədəni tərəqqisi dövrü olub.
1994-cü il mayın 21-də Zuğulbadakı pansionatda məskunlaşan qaçqınlarla görüşdə “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.” deyən böyük tarixi şəxsiyyət dövlətlərarası münasibətləri bəşəri dəyərlərdən bilirdi. Belə dəyərlər dinc dünya deməkdir, müharibəsiz həyat deməkdir, dönməz sülh deməkdir. Ulu Öndərin fikirləri Azərbaycan xalqının fikirləri kimi tarixləşmişdi. Dünya ictimaiyyəti bir daha əmin olmuşdu ki, Azərbaycan dünyəvi dövlətdir, bəşəri dövlətdir.Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra, ilk növbədə, tarix məsələlərindən başladı. Onun tapşırığı ilə deportasiyalar, Azərbaycan xalqına qarşı soyqırımı, ayrı-ayrı şəxsiyyətlərimizin həyat və fəaliyyəti araşdırıldı, çox mühüm tədbirlər görüldü, qərarlar verildi. Ulu öndər qətiyyətlə bəyan etdi ki, xalq öz tarixinə sahib çıxmalıdır. Xalq tarixinə sahib çıxanda məğlubedilməz olur. Tarixini bilməyən xalq isə məhvə məhkumdur. Xalq tarixinə yiyələnəndən sonra onu qorumağın vasitələrini axtarıb tapacaqdır.
Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. O, vurğulayırdı: “Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik. Əgər dünya həqiqətən beynəlxalq hüquq normalarını tanıyırsa, əgər dünyada insan hüquqları real şəkildə qorunursa, onda heç kəs Azərbaycanın bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır.”
İlk növbədə, yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək lazım gəlirdi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi. Bu quruma daxil olan keçmiş Sovet respublikaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. Bu ölkələrlə iqtisadi, ticarət və mədəni əməkdaşlıq məsələlərinə xüsusi önəm verildi. Azərbaycanın tarixən bağlı olduğu Rusiya ilə münasibətlərində uğurlu dialoq və anlaşma mühitinin yaranması isə ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli idi. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Rusiya ilə əməkdaşlığın inkişafına həmişə böyük əhəmiyyət vermişdir. İki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu və xidmətləri olmuşdur. İkitərəfli əməkdaşlıq sistemində Gürcüstan, Ukrayna və Moldova ilə yaradılan yeni əlaqələr də çox əhəmiyyətli olmuşdur. Bu ölkələrlə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin yeni mühüm uğuru idi.
Heydər Əliyevin ölçülüb-biçilmiş yeni xarici siyasət kursunda Azərbaycanla qonşu olan ölkələrlə, müsəlman ölkələri ilə münasibətlərə də xüsusi diqqət yetirilirdi. Həmin xarici siyasət xəttinin mühüm istiqamətlərindən birini də bu iki və digər qonşu ölkələrlə, İslam dünyası ilə münasibətlər təşkil edirdi. Bu baxımdan, dövlət başçısı Heydər Əliyevin İrana, Türkiyəyə, Səudiyyə Ərəbistanı və Pakistana səfərləri və apardığı danışıqlar çox əhəmiyyətli oldu. Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir.
1996-cı il mayın 30-da “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının perspektivləri” mövzusuna həsr olunmuş konfransın açılışında dedi: “Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlərboyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması – hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik”.
Bu kimi yüzlərlə kəlam təsdiqləyir ki, Ulu Öndərin dövlətçilik təfəkkürü Azərbaycanın sərhədləri ilə məhdudlaşmırdı, Azərbycana ehtiramı olan dövlətləri də əhatələyirdi. 1996-cı il martın 27-də Azərbaycan-Rumıniya dövlətlərarası və hökumətlərarası sənədlər imzalandıqdan sonra birgə mətbuat konfransında bəyanatında dediyi fikirlər dövlətlərarası münasibətlər üçün siyasi aksiom kimi qəbul edilməlidir: “Dünyada heç kəs heç kimə öz prinsiplərini, öz iradəsini zorla qəbul etdirməməlidir, heç bir dövlət digər ölkələrin hüquq və mənafelərini pozmamalıdır”. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçilik təfəkkürü dünyəvi siyasətdə indi də əhəmiyyətlidir.
Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92№li tam orta məktəbin müəllimi