Analitika

Böyük şəxsiyyət

Heydər Əliyev… XX əsrin Azərbaycan xalqına verdiyi böyük şans, böyük uğur, böyük şəxsiyyət

Bəli, Heydər Əliyev kimi bir dövlət xadimi hər xalqın taleyinə qismət olmur. Allahın milyonlardan seçdiyi insan…

Heydər Əliyevdən danışarkən onun bizim üçün çıraq olduğu yolu, diqqətlə izləmək lazımdır. O bütün həyatını siyasətə, Azərbaycanın rifahına həsr etmişdir. Müstəqillikdən əvvəlki, dövrə nəzər salsaq SSRİ tərkibində,əsarət altında olan bir xalqın nümayəndəsinin yüksək vəzifələrə təyin olunması,xalqına xidmət etməsi çox çətin məsələ idi. Lakin Heydər Əliyev buna nail olmuşdu.

Heydər Əliyevin ilk hakimiyyət illəri 1969-1982-ci illərdə olmuşdur. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verildi, 630 min yeni iş yeri açıldı.

– Sənaye istehsalı 2,7 dəfə, tələbat mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 1,8 – 2,6 dəfə artdı, heyvandarlıqda artım isə 2,7 dəfə oldu:

Taxıl istehsalı 573,9 min tondan 1 milyon 211,3 min tona

Üzüm istehsalı 272 min tondan 1 milyon 725,4 min tona

Pambıq istehsalı 299,4 min tondan 831,2 min tona

Meyvə-tərəvəz istehsalı 410 min tondan 850 min tona yüksəldi. 1970-ci il 27 sentyabr. Kür su kəmərinin nasos cihazı işə salındı. Kür su kəmərləri sisteminin birinci növbəsi mərhələlərlə 1970-1971-ci illərdə istismara verildi. 1980-ci illərdə Kür su kəmərləri sisteminin ikinci növbəsi tikildi. Üçüncü mərhələdə – 1984, 1986 və 1988-ci illərdə Bakıya daha 3 magistral su kəməri çəkildi. 

1971-ci il 19 yanvar. Gəncə şəhərində çini qablar zavodu açıldı.

1971-ci il iyulun 27sində Ağstafaçay su anbarı istifadəyə verildi. 1975-ci il 25 dekabrında Bakı məişət kondisionerləri zavodunun açılışı, 1976-cı il 28 dekabrda Yuxarı Xanbulançay su anbarının tikintisi başa çatdırıldı.

1976-cı il 29 dekabr. Sərsəng su anbarı, 1978-1984-cu illərdə isə Bakı Dərin Özüllər Zavodu istifadəyə verildi.

1969-1982-ci illərdə ümumilikdə 20,4 min kilometr uzunluğunda asfalt yollar çəkilmişdi (1969-cu ilədək çəkilən yolların uzunluğu isə cəmi 12,7 min kilometr idi).

– İndiki Heydər Əliyev Sarayı (1972) və “Gülüstan” sarayı (1980) istifadəyə verildi, Yeni Əhmədli, Günəşli kimi böyük yaşayış massivləri, həmçinin mikrorayonlar salındı. 

Beləliklə, 1970-ci illərin sonunda Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxdı.

Əlbəttdəki tək iqtisadiyyatda yox, hər bir sahədə Heydər Əliyevin xalqına nə qədər dəyər verdiyini görmək olar.

Bu illərdə Ümummilli Liderin milli-mədəni inkişaf və tarixi yaddaşımızın bərpası istiqamətindә gördüyü misilsiz işlər xalqımızda milli ruhun canlanmasını, özünüdərki və soy-kökə qayıdışı təmin etdi: 

– Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə görkəmli söz ustalarının, alim və mütəfəkkirlərin – Nizami Gəncəvinin 840 illiyi (1981), Əcəmi Naxçıvaninin 850 illiyi (1976), İmadəddin Nəsiminin 600 illiyi (1973), Nəsirəddin Tusinin 780 illiyi (1981), eləcə də digər klassiklərimizin yubileyləri geniş miqyasda keçirildi, Aşıq Ələsgərin 150 illik yubileyi (1972), Azərbaycan teatrının 100 illiyi (1974) geniş qeyd olundu. 1979-cu ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi böyük ədəbi-mədəni hadisəyə çevrildi.

– 1930-cu illərin siyasi repressiyalarının qurbanı olmuş böyük şair Hüseyn Cavidin cənazəsi 1982-ci ildə uzaq Sibirdən doğma vətəni Naxçıvana gətirildi.

– Bakıda Nəriman Nərimanovun (1972), Mehdi Hüseynzadənin (1973), İmadəddin Nəsiminin (1980) və Cəfər Cabbarlının (1982) əzəmətli abidələri ucaldıldı.

– Göyçə mahalının Ağkilsə kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsi, Naxçıvan şəhərində Əcəmi Naxçıvaninin büstü, Şuşa şəhərində Xurşidbanu Natəvanın büstü və Molla Pənah Vaqifin məqbərəsi ucaldıldı.

– Görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin, o cümlədən Səməd Vurğunun, Nəriman Nərimanovun, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Mirzə İbrahimovun, Hüseyn Ərəblinskinin, Mirzə Fətəli Axundzadənin, Fikrət Əmirovun və digər görkəmli şəxsiyyətlərin yubileyləri keçirildi.

– Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş tarixi filmlər (“Nəsimi”, 1974; “Dədə Qorqud”, 1976; “Babək”, 1979), müasir mövzularda və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkildi. “İstintaq” (1979) filmi SSRİ Dövlət mükafatına (1981), bir çox digər filmlər isə respublika Dövlət mükafatına layiq görüldü.

Təkcə Göyçə mahalında Aşıq Ələsgərin büstünün qoyulması, Şuşa şəhərində Vaqifin məqbərəsinin tikiıməsi bizə çox şey öyrədir. Bəli, Heydər Əliyev keçmiş tariximizi gözəl bilən,gələcəy hadisələri qabaqcadan görə bilən bir şəxsiyyət idi. Qonşumuz olan mənfur ermənilərin və onların havadarlarının tarixi saxtalaşdırmaq niyyətlərini gözəl anlayan Heydər Əliyev Göyçə mahalında Aşıq Ələsgərə büst qoymaqla, təntənəli 150 illik keçirməklə Göyçə mahalının qədim türk yurdu olduğunu, tanılmış türk şəxsiyyətlərin vətəni olduğunu sübut etdi. Eləcə də Qarabağın gözü,mərkəzi olan, Pənahəli xanın saldırdığı Şuşa şəhərində Molla Pənah Vaqifin – o Vaqifin ki, gözəl şeirləri olan şair, həm də Qarabağ xanının vəziri olan Vaqifin məzarı üzərində məqbərə tikdirməklə, azərbaycanlı, erməni ədəbiyyatçıların, deputatların, o dövr mətbuat nümayəndələrinin birgə iştirakı ilə məqbərənin təntənəli açılışı Şuşanın tarixi keçmişini ermənilərə anlatmaq idi. Eləcə də Xan qızı kimi tanılan Xurşidbanu Natəvanın büstünün qoyulması. Bəli Şuşa 30 ilə yaxın işğalda olsa da,tarixi abidələr dağıdılsa da, ermənilər tarixi unutdura bilmədilər. Siyasi irsin davamçısı prezidentimiz İlham Əliyev Şuşanın azad olmasından sonra ilk iş Vaqifin məqbərəsini bərpa etmək oldu. X.Natəvanın büstü isə yenidən Şuşaya gətirildi. Bu bizdə gələcəyə, Göyçə mahalının da azad olunacağına inam yaradır.

Heydər Əliyevin 1993-2003-cü illərdə yenidən hakimiyyətdə olması, azad müstəqil Azərbaycana başçılıq etməsi, yaradanın onun bu yolda çəkdiyi əziyyətlərinə verdiyi bəhrəsi idi. Məhs bu səbəbdən o Müstəqillik günündə çıxış edərkən demişdir: “Biz azadıq,biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarnan əziyyət çəkmək olar, illərnən ac qalmaq olar. Mənim üçün bunu bilin öz həyatımdan, öz canımdan artıqdı Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, onu əbədi etmək”.

1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladı.

1993-cü il sentyabrın 24-də Moskvada MDB ölkələrinin hökumət başçılarının Şura iclasında iştirak etdi və Azərbaycanın MDB-yə daxil olması haqqında sənədləri imzaladı.

1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddətdə xaos və anarxiyaya son qoyulmasına, ictimai-siyasi sabitliyin bərqərar edilməsi istiqamətində gərgin fəaliyyətə başladı.

Prezident seçildikdən sonrakı ilk ayda respublikada pul-kredit siyasəti və bankların fəaliyyəti (14 oktyabr), kriminogen vəziyyət (15 oktyabr və 3 noyabr), hərbi quruculuq məsələləri (21 oktyabr) ilə bağlı müşavirələr, ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüş (22 oktyabr), cəbhə bölgələrində vəziyyətlə bağlı fövqəladə müşavirə (24 oktyabr), cəbhəyanı bölgələrdəki vəziyyətlə əlaqədar iclas (31 oktyabr), Müdafiə Şurasının ilk iclasını (1 noyabr) keçirdi.

1994-cü il fevralın 24-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı.

Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul etdi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.

1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandı. Beləliklə, müstəqilliyimizin ilk illərində çoxsaylı problemlərin həlli və ölkənin inkişaf mərhələsinə qədəm qoyması üçün zəruri şərait təmin edildi, ölkə iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu.

1994-cü il sentyabrın 20-də “Gülüstan” sarayında dünyanın 7 ölkəsinin məşhur neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu saziş ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi kimi tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı.

Heydər Əliyevin təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi Fransada, Türkiyədə, İraqda, İranda və Rusiyada, dünyaşöhrətli Bülbülün 100 illik yubileyi Moskvada, Tbilisidə və Ankarada, məşhur bəstəkar Qara Qarayevin 80 illik yubileyi Moskvada və Parisdə, görkəmli müğənni Rəşid Behbudovun 80 illik yubileyi Moskvada keçirildi və müstəqil Azərbaycanı yenidən dünyaya tanıtdı.

Azərbaycanda 1994-cü ildən 1996-cı ilədək, tam üç il Füzuli ili yaşanmış, Məhəmməd Füzulinin 1996-cı ilin yazında Bakıda keçirilən yubiley şənlikləri məhz Heydər Əliyevin arzuladığı kimi müstəqil dövlətin ilk böyük ədəbiyyat və mədəniyyət bayramına çevrildi. UNESCO-nun qərarı ilə 1996-cı il dünya miqyasında Füzuli İli elan olundu.

Heydər Əliyev 1997-ci ilin aprelində “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı Fərman imzaladı. Dastanın 1300 illiyi Parisdə – UNESCO-nun iqamətgahında yüksək səviyyədə qeyd olundu. 2000-ci il aprelin 9-da isə “Kitabi-Dədə Qorqud” dastanının yubiley tədbiri Bakıda keçirildi. 

1996-cı il fevralın 1-də Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Gənclərinin I Forumunda iştirak etdi. Bu hadisə Azərbaycanda gənclik hərəkatının əsasını qoydu, gənclərimizin inkişafı, cəmiyyət həyatında fəallığının yüksəldilməsi istiqamətində mühüm addım oldu.

Heydər Əliyevin 1996-cı il 22 iyun tarixli Fərmanına əsasən, Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ıtəsis olundu və adları “Qızıl kitab”a Azərbaycan Respublikası Prezidentinin qərarı ilə yazılan gənc istedadlara xüsusi təqaüd ayrıldı.

Əhalinin rifaqını yaxşılatmaq üçün 1997-ci ilin sentyabrında “Əsrin müqaviləsi” çərçivəsində qazma işlərinin başlandığı “Çıraq” yatağında noyabrın 7-də ilk neftin hasil olundu. Noyabrın 12-də bu münasibətlə platformada Ulu Öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkətinin və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirildi. Bu tarixi hadisə Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı oldu. 2005-ci ilin fevralında “Mərkəzi Azəri” yatağından, 2006-cı ilin yanvarında “Qərbi Azəri” yatağından, 2006-cı ilin oktyabrında isə “Şərqi Azəri” yatağından neftin hasilatına başlanıldı.

2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artaraq 910,2 milyon manata yüksəldi, xərcləri isə 72,2 dəfə artaraq 931,8 milyon manat təşkil etdi. 

Ulu Öndər Heydər Əliyev əmək bazarının inkişafına, məşğulluq və işsizlik problemlərinin həllinə göstərdiyi diqqət sayəsində iqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payı 1995-ci ildəki 43,9 faizdən 2002-ci ildə 69,7 faizədək artdı.

Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. 

İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi.

Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar.

 Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. 

Ulu Öndərimizə Allahdan rəhmət diləyirik.

Səmayə Nəcəfova,
Xəzər rayonu, 322N-li orta məktəbin müəllimi 

Oxşar Xəbərlər

Back to top button