Analitika

Böyük qələbəmiz Heydər Əliyev ideologiyasının təntənəsidir

Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır. Bu ucalığa, bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, onun dövlətinin möhkəmləndirilməsinə həsr edirlər.

Keçmişin və yaşadığı dövrün reallıqlarını nəzərə alaraq mümkün olanı, hətta ondan da artığını, yəni mümkün olmayanı da etmiş bu şəxsiyyətlərin gözəl işləri, xeyirxah əməlləri, müdrik ideyaları xalqın və dövlətin gələcəyinə işıq salır. Belə şəxsiyyətlərin varlığı ilk növbədə onları yetirən millətin xoşbəxtliyidir və ulu Tanrının həmin xalqa verdiyi ilahi bəxşişdir.

Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir. Bununla yanaşı, Heydər Əliyevin hər bir insanın qəlbində öz yeri, öz obrazı, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun və bütöv şəxsiyyət obrazı hər bir azərbaycanlıya həmişə canlı nümunə olmuş və gələcəkdə də mükəmməl örnək olacaqdır.

Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir.

Böyük rəhbərin şərəfli ömür yoluna nəzər saldıqda, onun öz gücünü xalqına və vətəninə olan məhəbbətindən aldığını, özünün bütün istedad və qabiliyyətini səfərbər edərək bu yolda ən çətin maneələri dəf etdiyini görürük.

1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən o zaman ən geridə qalmış respublikalardan biri sayılan Azərbaycanı qısa vaxt ərzində keçmiş İttifaqın ən qabaqcıl respublikaları səviyyəsinə qaldıran, sürətli inkişafını təmin edən bu yorulmaz insanın gördüyü böyük quruculuq işlərinə bu gün tarixin prizmasından nəzər saldıqda onun uzaqgörənliyinə heyrət etməmək olmur.

Azərbaycan xalqının tükənməz gücünə, zəngin potensialına dərindən inanan Heydər Əliyev böyük qətiyyətlə onu səfərbər edə bilmiş, bugünkü müstəqilliyimizin iqtisadi, siyasi, mənəvi əsaslarını hələ o illərdə yaratmağa başlamışdı. Onun respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində Azərbaycan neft və pambıq xammalı mənbəyindən o dövr üçün ən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye respublikasına çevrilmişdi. O illərdə Heydər Əliyev ilk növbədə bugünkü dövlət müstəqilliyimizin əsası olan güclü iqtisadi bazanı yarada bilmiş, respublikanın özünü elektrik enerjisi və digər zəruri vasitələrlə tam təmin etməsinə şərait yaratmışdı. Azərbaycanın mənzərəsi tamamilə dəyişilmiş, respublikanın hər yerində böyük abadlıq işləri getmiş, yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, Azərbaycan üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, ən başlıcası, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdi.

Bununla yanaşı, ölkəmizin elmi, mədəniyyəti, incəsənəti də yeni inkişaf səviyyəsinə qaldırılmış, Azərbaycanın zəngin tarixi bütün dünyaya tanıdılmışdır. Bunlar hamısı onun zəhmətinin və böyük təşkilatçılıq işinin bəhrəsi idi.

Ən əsası budur ki, ulu öndər xalqımızın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdi. Çünki özü xalqının gücünə və qüdrətinə inanırdı, həyatının mənasını isə doğma vətəninə xidmətdə görürdü. Heydər Əliyev deyirdi: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Ulu öndər insan həyatının fəlsəfəsini belə izah edirdi: “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət nümunəsi göstərmək və başqaları üçün nümunə olmaqdır”. Bu gün heç kəs inkar edə bilməz ki, Heydər Əliyev ömrü başdan-başa elə ləyaqət timsalı, ləyaqət nümunəsidir.

Dövlətimizin başçısı Heydər Əliyev ideyalarına sadiqliyini ölkənin sosial-iqtisadi inkişafını yeni səviyyəyə yüksəltməkdə, aparılan islahatları daha da sürətləndirməkdə və dərinləşdirməkdə, respublikanın iqtisadi müstəqilliyini tam təmin etməkdə görürdü. O öz prezidentliyinin birinci dövründə imzaladığı ilk fərmanları ilə Azərbaycanın yaxın 4 ildə sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyən etdi. Azərbaycanın tarixində yeni dövr – İlham Əliyev dövrü başlandı. Cənab İlham Əliyev Heydər Əliyev ənənələrinə sadiq qalaraq atacağı hər bir addımı, görəcəyi hər bir işi dərindən ölçüb-biçmək üçün respublikanın sonrakı inkişafının hər bir sahəsi üzrə konkret, elmi cəhətdən əsaslandırılmış proqramların hazırlanmasına göstəriş verdi.

Heydər Əliyevin işinin davamçısı, siyasi irsinin birbaşa varisi və övladı kimi Prezident İlham Əliyevin bu böyük şəxsiyyət haqqında dediyi sözlər hər bir azərbaycanlının ürəyindən xəbər verən sözlərdir. O bildirir: “Mən Heydər Əliyevin oğlu olmağımı özüm üçün böyük xoşbəxtlik sayıram. Böyük insanın oğlu olmaq, habelə mühüm qərarlar qəbul edilən anlarda onun yanında olmaq böyük xoşbəxtlikdir. Bu gün onun işi yaşayır, siyasəti yaşayır və mən əminəm ki, Azərbaycan onun istədiyi kimi inkişaf edir. Əlbəttə ki, mən həmişə ona oxşamağa çalışmışam. Çünki siyasətçi keyfiyyətləri ilə yanaşı, o, həyatda hamıya nümunə ola biləcək adam idi. Səni maraqlandıran bir suala cavab almadan ondan aralanmaq mümkün deyildi. Sizə deməliyəm ki, prezidentliyimin ilk illərində elə məqamlar olmuşdur ki, mən fikirləşirdim: bu vəziyyətdə Heydər Əliyev nə edərdi? Lakin təəssüf ki, bunu bilmək imkanım yox idi. Amma düşünürəm ki, o, son beş ildə görülmüş işlərin hamısını bəyənərdi. Özünün əsəri olan Azərbaycanı bugünkü səviyyədə görsəydi, şad olardı”.

Bu gün Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevi ümummilli lider Heydər Əliyevlə birləşdirən bir çox ümumi cəhətlər vardır. Lakin onlardan bəzilərini xüsusi qeyd etmək lazımdır. Bu, ilk növbədə vətən, dövlət və millət qarşısında məsuliyyət hissidir. Biz əvvəldə ulu öndərin bu barədə bəzi fikirlərini qeyd etmişdik. Bu məsuliyyət hissi cənab İlham Əliyevin də bütün həyatının məğzini təşkil edir və ətrafında olan hər bir kəsdən də bunu qətiyyətlə tələb edir. Cənab İlham Əliyev hakimiyyətin nədən ibarət olması barədə öz düşüncələrini açıqlayaraq deyir: “Mən deyərdim ki, bu gün hakimiyyəti beş il əvvəlkindən fərqli başa düşürəm. O vaxt mənim üçün hakimiyyət, ilk növbədə, böyük məsuliyyət yükü idi. Həm atamın xatirəsi qarşısında, həm ölkə qarşısında, həm də xalq qarşısında məsuliyyət idi. Başa düşürdüm ki, Azərbaycanın gələcəyi mənim görəcəyim işlərdən asılı olacaqdır. Bu gün deyə bilərəm ki, bu məsuliyyət hissi məni heç vaxt tərk etməsə də, hər halda, buraya başqa hisslər də əlavə olunur. Yəni indi mən hakimiyyəti ölkə üçün daha yaxşı işlər görmək imkanı kimi qəbul edirəm. Bu gün mənim üçün hakimiyyət, ilk növbədə, Azərbaycan vətəndaşlarından ötrü xeyirxah işlər görmək imkanıdır”.

Prezident İlham Əliyev yürütdüyü siyasətlə hər zaman Azərbaycan xalqının milli maraqlarını rəhbər tutub, bütün gücünü onun ərazi bütövlüyünün təmin olunmasına, xalqımızın təhlükəsizlik və rifah içində yaşamasına yönəldib. Dövlət başçısı hər addımda ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirərək ata vəsiyyətini də yerinə yetirir.

Mürəkkəb coğrafi şəraitdə, yəni siyasi maraqların kəsişdiyi bir nöqtədə yerləşən Azərbaycan kimi dövləti idarə etməyin çətinliyini və məsuliyyətini öz çiyinlərinə götürən cənab Prezident hər zaman bildirirdi ki, biz işğal siyasəti ilə barışmayacağıq. Bütün bunlarla yanaşı, mahir diplomat və uzaqgörən siyasətçi olan ölkə başçımız elə bir siyasi xətt tutdu ki, illər ərzində regional və beynəlxalq layihələr ya Azərbaycanda, ya da Azərbaycanın təşəbbüskarlığı ilə reallaşdı. Əldə olunan iqtisadi dividendlər siyasi reallığa, siyasi reallıq isə Zəfərə çevrildi. 44 gün ərzində ölkə başçımız gecə-gündüz demədən həm şanlı Azərbaycan Ordusuna Ali Baş Komandanlıq etdi, həm danışıqlar masasında qətiyyətli və prinsipial mövqe ortaya qoydu, həm də informasiya savaşına məhz özü rəhbərlik etdi.

Bu illər ərzində yürüdülən siyasət, dövlət başçımızın “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərək xalqa verilən dəyər, eynilə xalqın da ölkə başçısına olan sonsuz güvəni və inamı, ən əsası isə, dövlət başçımızın ətrafında bir yumruq kimi birləşməsi bizi böyük Zəfərə aparan yol oldu. Bir tərəfdən xarici siyasətdə illər ərzində beynəlxalq təşkilatlar çərçivəsində iş aparıldısa, digər tərəfdən də ölkə daxilində nəticəyə istiqamətlənmiş işlər görüldü. Belə ki, Azərbaycanda siyasi dialoq mühitinin daha da demokratikləşdirilməsi fonunda 44 günlük Vətən müharibəsi zamanı dövlətin təməl prinsiplərinin rəhbər tutularaq 43 siyasi partiyanın bəyanat qəbul edərək orduya və Ali Baş Komandana dəstək verməsi olduqca mühüm amil idi ki, bu da ictimaiyyət tərəfindən təqdirlə qarşılanaraq insanları daha həmrəy etdi, onların mübarizə əzmini artırdı.

Xalqımız əmindir ki, dövlətimizin başçısı İlham Əliyev müharibədən sonra da milli maraqları rəhbər tutaraq atdığı hər addımı, verdiyi hər mesajı ilə Azərbaycanın təhlükəsizliyini təmin edir və uğur strategiyasını reallaşdırır. Məhz bu reallıqlar kontekstində son hadisələr, Azərbaycanın prinsipial mövqeyi və atılan diplomatik addımlar onu deməyə əsas verir ki, zaman indi daha sürətlə Ermənistanın əleyhinə işləyir. Həm də proseslər göstərir ki, Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Üçtərəfli Bəyanatda da əksini tapan, lakin hələ də icra olunmayan müddəaların icrası sürətlənəcək. Azərbaycan – Ermənistan sərhədində söz sahibi olan da Azərbaycandır, yəni nə Ermənistandır, nə də başqa bir dövlət. Necə ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəslinə də müvafiq olaraq vaxtilə imzalanan, lakin icra olunmayan qətnamələri və yaradılan atəşkəsi qüvvəyə mindirmək üçün sülhün bərpa olunması məqsədilə əks-həmlə və sülhəməcburetmə əməliyyatları keçirdi, biz də beynəlxalq hüquq çərçivəsində bütün məsələləri sonuna qədər icra edəcəyik. Vaxtilə müəyyən diplomatik kanallarla çatdırılan mövqeyimiz indi açıq şəkildə ortaya qoyulur.

Ölkə başçımızın işğaldan azad olunan ərazilərə hər səfəri sadəcə yerli mətbuatın deyil, xarici medianın da diqqət mərkəzində olur. Nəzərə alsaq ki, Azərbaycana məxsus qızıl yataqları xarici şirkətlər tərəfindən istismar edilirdi, o zaman ölkə baş­çımızın da qeyd etdiyi kimi, qanunsuz fəaliyyətdə əli olan hər kəs ya Azərbaycana təzminat ödəyəcək, ya da beynəlxalq məhkəmələr önündə cavab verəcək. Azərbaycan necə ki, sona qədər getdi, harada durmaq lazım olduğunu bilərək, Ermənistanı kapitulyasiya aktına imza atmağa va­dar etdi, indi də dövlətimiz başlatdığı işi sona çatdıracaq. Geniş və maliyyə tutumlu işlərin başladılması və qısa zaman kəsiyində yekunlaşaraq, insanlarımızın öz doğma yurdlarına geri dönməsi əsas hədəfimizdir. Necə ki, işlər sürətlə gedir, tarixi toponimlərimiz də bərpa edilməlidir. Ölkə başçımız bunun əhəmiyyətini də dilə gətirərək bildirir ki, “Varde­nis” yox, Basarkeçər,”Yerasx” deyil, Arazdəyən toponimləri istifadə olun­malı və bölgələrimizin adları əsl tarixi adları ilə çağırılmalıdır. Qarabağ da, Şərqi Zəngəzur da Azərbaycandır!

Cənab Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi, məqsədyönlü və düşünülmüş siyasəti xalqımız tərəfindən sona qədər dəstəklənir və biz xalq olaraq ölkə başçımızın ətrafında yumruq kimi birləşmişik. İkinci Qarabağ savaşı Ermənistan və hər kəs üçün dərs olmalıdır. Biz tarixi ədaləti bərpa etmişik, Heydər Əliyevin və şəhidlərimizin ruhu şaddır. Heç şübhəsiz ki, bu Qələbə Ali Baş Komandanın illər ərzində yürütdüyü çoxşaxəli fəaliyyətin və qəhrəman əsgər və zabitlərimizin canı, qanı bahasına başa gəldi. Düşmən bulaqları qurutdu, biz isə su çəkirik, düşmən yolları dağıtdı, biz yol çəkirik, o torpaqlara yeni həyat veririk. Görülən işlər sübut edir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar.

Azərbaycan özünəməxsus quruculuq kursu ilə müasir şəhərsalma üsulları olan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edir. Dədə-baba yurdunu sıfırdan inşa edir. Əsas məsələ ondan ibarətdir ki, bu işdə Azərbaycana heç kim dəstək olmur, dövlətimiz bütün bu işləri öz maddi imkanları hesabına görür. Bu çətinliyə bir başqa çətinlik də əlavə olunur. Bu da Ermənistanın ərazilərimizdə basdırdığı çoxsaylı minalardır. Bu da azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olun­muş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin.

Bu gün Azərbaycanın yaratdığı reallıq bütün dünya birliyi üçün, insanlıq üçün bir nümunədir. Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, qüdrətli xalq, torpaq və Vətən sevgisi nə deməkdir. Haqq savaşımızda ədalətin təntənəsi dünyada haqsızlığa məruz qalan toplumlar və xalqlar üçün onları işıqlı gələcəyə səsləyən misli görünməmiş bir örnəkdir. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva bu illər ərzində cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı oldu. Şəhid ailələri, müharibə veteranları, əlillər, onların ailələri, cəmiyyətimizin hər bir təbəqəsi hər zaman Azərbaycanın birinci xanımını öz ailələrinin üzvü kimi səmimi sevgi və dərin ehtiramla sinələrinə basır. Bu gün Azərbaycan xalqı öz şəhidlərinin, bizə bu gələcəyi miras qoymuş ümummilli lider Heydər Əliyevin əziz xatirələrini ehtiramla anır və Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini ardıcıl dəstəkləyir.

Gördüyümüz kimi, Azərbaycanın böyük tarixi şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin ideyaları XXI əsrdə onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir. Çünki Heydər Əliyev ideyaları yaşayan və yaşadan ideyalardır.

Ağababayeva Aytəkin,
Xəzər rayonu, R.Qasımov adına 216 № li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button