Böyük Qayıdış şanlı qələbəmizin əyani sübutudur
İkinci Qarabağ müharibəsində qazanılan qələbənin məntiqi yekunu olaraq azad olunmuş ərazilərdə yenidənqurma, abadlıq, təhlükəsizlik və digər bu qəbildən olan məsələlər öz həllini dövlət proqramları çərçivəsində və geniş sferada tapır. Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan məsələlərlə bağlı prioritet istiqamətlər yaxın illər ərzində bu ərazilərdə aparılacaq abadlıq və quruculuq işlərinin aparılması yolunda inamlı addımların atılacağını vəd edir.
Planların əsas və ilkin addımlarından biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.
Böyük Qayıdışın ən önəmli tərkib hissələrindən biri də təhlükəsizlik məsələsidir ki, bu da dövlət proqramında əsas yer tutur. Ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi bölgəyə köçürüləcək əhalinin rahat və təhlükəsiz yaşaması baxımından çox vacibdir.
Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivəyə əsasən təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacaq. Ətraf mühitə dost sənayeləşmə təşviq ediləcək, bu məqsədlə tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək. Hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemi müasirləşdiriləcək. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaq. Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaq. İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaq.
Mais Günəşli,
YAP-ın gənc fəalı.