Analitika

Böyük Qayıdış  ərazi bötövlüyünü qazanmış və sürətlə inkişaf edən müstəqil Azərbaycanın uğurudur

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və məharətli sərkərdəlik qabiliyyəti nəticəsində Vətən müharibəsində-Qarabağ savaşında qazanılmış tarixi Zəfər ölkəmizin çoxəsrlik tarixinin nadir hadisəsidir.  Cəmi 44 gün ərzində Azərbaycan Ordusu təcavüzkar Ermənistanın 30 illik işğalına son qoymuş, ədalətli müharibə apararaq torpaqlarımızı geri almışdır. Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli hadisəsi olmaqla bərabər, həm də xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsidir. Məhz Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə Azərbaycan ərazi bütövlüyünün həmişəlik təmin olunması problemini həmişəlik həll etmişdir. Müstəqil Azərbaycan dövləti bununla ərazi-inzibati cəhətdən özünün tamlığına nail olmuşdur.

İtirilmiş coğrafi ərazilərin bərpa edilməsi, vətən torpaqlarının geri qaytarılması öz növbəsində ölkəmizin ərazi-inzibati bölgüsünün iqtisadi rayonlar üzrə müəyyən edilməsi məsələsinə yenidən baxılması zərurətini meydana çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ərazi bütövlüyü şəraitində ölkəmizin coğrafi ərazisində əvvəl mövcud olmuş 10 iqtisadi rayon əvəzinə işğaldan azad edilmiş rayonların əraziləri də nəzərə alınmaqla 14 iqtisadi rayonun yaradılması Vətən müharibəsindən sonra ölkədə yaranmış yeni reallığın obyektiv ifadəsidir. Yeni ərazi-inzibati bölgü əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Vətən müharibəsində qazanılmış tarixi Zəfərin meydana çıxardığı gerçəklikdən doğan addımlardır.

Vətən müharibəsindəki Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilmişdir. İlham Əliyevin elan etdiyi Böyük Qayıdış Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki Zəfərdən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafında yeni nəqliyyat – logistika qovşaqlarının formalaşdırılmasına və iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan hərəkat səviyyəsində mövcud olan dövlət əhəmiyyətli proqramdır. Qarabağa yenidən və əbədi dönüşlə əlaqədar olan və eyni zamanda üç dövlətin: Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Sazişin mühüm müddəalarından biri olaraq, Zəngəzur dəhlizinin açılması və regionda bütün kommunikasiyaların bərpa edilməsi kimi aktual məsələni də nəzərə alsaq, Böyük Qayıdışın dövlətlərarası münasibətlərlə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir hərəkat olduğunu göstərə bilərik. Buna görə də Böyük Qayıdış öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional, həm də beynəlxalq hadisədir.

Regionda icrasına başlanmış genişmiqyaslı dəmir yolları və hava yolları şəbəkələri Qarabağın və Şərqi Zəngəzurun inkişaf etdirilməsi ilə bərabər, həm də qonşu dövlətlərlə əlaqələrin yenidən qurulmasına və turizmin inkişafına meydan açan möhtəşəm layihələrdir. Artıq Füzuli şəhərində salınmış Füzuli Beynəlxalq Hava Limanı Qarabağda yeni həyatın daha sürətlə qurulmasına xidmət edən böyük imkandır. Füzuli Aeroportu həm Qarabağ regionunun inkişafına, həm də Azərbaycan Respublikasının digər ölkələrlə əlaqələrinin genişləndirilməsinə, regionda turizmin yenidən qurulmasına və inkişaf etdirilməsinə uğurla xidmət edir. Bu hava limanı həm də işğaldan sonra ən qısa müddətdə Qarabağ ərazisində salınmış ilk aeroport kimi də mühüm hadisədir. Şərqi Zəngəzurda, Laçında və Kəlbəcərdə, Qubadlıda, Zəngilanda və Cəbrayılda təməllərini atdığı hava limanları, yaşayış məskənləri, tunellər, yollar da regionun hərtərəfli inkişafına xidmət göstərəcəkdir. Ağdamda yaradılacaq Sənaye Parkı, Cəbrayılda inşasına başlanmış Kamaz Regional Xidmət Mərkəzi, Araz Vadisi İqtisadi Zonası, Kəlbəcərdə məskunlaşmış heyvandarlıq və arıçılıq təsərrüfatları Qarabağın müasir həyatının reallıqlarıdır.Prezident İlham Əliyevin göstərişi ilə Qarabağda və Zəngəzurda yeni həyat ritmlərinin şəbəkəsi daha da genişlənir və inkişaf edir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button