Böyük etimad
BMT-nin iqlim dəyişməsi üzrə çərçivə konvensiyasının konfransı 1995-ci ildən keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişlərin qiymətləndirilməsi, görülən işlər, qarşıda duran təhdidlər və bütün bunların müzakirəsidir. 90-cı illərin ortalarından başlayaraq, bu konfrans çərçivəsində əsasən də, inkişaf etmiş ölkələrdə istixana qazlarının əsasən də, atmosferə atılan tullantıların məhdudlaşdırılmasını özündə ehtiva edən “Kioto protokolu” müzakirə olunur. Bununla bağlı ölkələr öz üzərinə hüquqlar və öhdəliklər götürürlər.
2023-cü ilin 30 noyabr-12 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti də iştirak edərək “İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri” mövzusunda panel təşkil edib. Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyətində İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri, nazirin müşaviri Nurlan Həmidli, Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Fərid Rəhimli təmsil olunublar.
Azərbaycan pavilyonunda baş tutmuş tədbir çərçivəsində Azərbaycanda davamlı kənd təsərrüfatı siyasəti, həyata keçirilən innovasiyalar, kənd təsərrüfatının ətraf mühitə dost yanaşmalarının təbliği, kənd təsərrüfatının elektronlaşdırılması, dövlət dəstəyi tədbirləri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar fəaliyyət, “Böyük Qayıdış” Proqramı çərçivəsində görülən yenidənqurma tədbirləri haqqında təqdimatlar edilib. Həmçinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi İnkar Kadirzanova da təqdimatla çıxış edərək Azərbaycan Hökuməti və FAO arasında əməkdaşlıq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirilən uğurlu layihələr barədə məruzə edib. Təqdimat mərasiminə müxtəlif ölkələrin rəsmi nümayəndələri və özəl sektorun təmsilçiləriləri qatılıblar.
Həmçinin 28-ci sessiya çərçivəsində yaradılmış Özbəkistan Respublikasına aid pavilyonda “Azərbaycanda həyata keçirilən davamlı kənd təsərrüfatı siyasəti” mövzusunda təqdimat edilib. Təqdimatda Azərbaycanda meyvəçilik, tərəvəzçilik və birillik əkinlərə dair əldə edilən nəticələr, eyni zamanda Azərbaycanda kənd təsərrüfatının elektronlaşması sahəsində əldə etdiyi təcrübələr, dövlət dəstəyi mexanizmləri haqqında iştirakçılara ətraflı məlumat verilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu barədə qərar COP28-in dekabrın 11–də Dubayda keçirilən plenar iclasında verilib. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, tədbirin ölkəsində keçirilməsi dünya ictimaiyyətinin dövrün aktual problemlərinin həlli istiqamətində bir araya gəlməsi üçün mühüm mərhələ olacaq. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna çatıb. Sözügedən qrupa daxil olan Azərbaycan namizədliyini irəli sürüb. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini verib. Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyü bildirilib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.
COP 29-un gələn il Azərbaycanda keçirilməsi təbii ki, çox sevindirici bir haldır. Bu beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunması ölkəmizə göstərilən böyük etimaddır. Əvvəla, ümumiyyətlə Azərbaycan özü müstəqillik dövründən bu günə qədər bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bura həm idman tədbirləri, həm mədəniyyət tədbirləri və humanitar forumlar daxildir. Bu tədbirlər keyfiyyətinə, kəmiyyətinə, hazırlığına və digər önəmli parametrlərinə görə nümunə göstərilir. Bu, çox vacib məsələdir. Bir platforma kimi 200-ə yaxın ölkənin burada üzv olması, qoşulması və iştirakı keçirilən ölkənin nüfuzundan xəbər verir. Adətən bu tipli tədbirlər stabil, sabit, inkişaf etmiş və bütün şəraitlərə, kriteriyalara uyğun olan ölkələrdə keçirilir. Azərbaycan qeyd olunan bütün kriteriyalara ən yüksək səviyyədə cavab verir. Gələn il keçiriləcək COP-29 tədbiri, konfransı həmişə olduğu kimi bu dəfə də ölkəmizdə ən yüksək səviyyədə təşkil edilən tədbirlərdən biri olacaq və bu tədbir də bir nümunə kimi qeyd olunacaq.
Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz buna layiqdir, aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Cənab prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi dünyada bizə olan hörməti daha da artırdı. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti böyükdür. Bu qərarın antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunması bu hadisənin önəmini bizim üçün daha da artırır. Bu cür böyük tədbirin ölkəmizdə keçirilməsi bütün dünya ictimaiyyətinin bir daha Azərbaycana öz dəstəyini ifadə etməsidir. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün oldu. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik.
COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək. İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edəcək. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir.
Bayramova Sürayə,
Xəzər rayonu, 121№li tam orta məktəbin müəllimi



