
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə rəsmi səfəri zamanı Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, hazırda Avropa İttifaqının 10 üzv dövləti daxil olmaqla, ümumilikdə 16 ölkə Azərbaycan qazını qəbul edir. Bu göstərici Azərbaycanı boru kəməri ilə qaz təchizatı sahəsində qlobal liderlərdən birinə çevirməklə yanaşı, ölkəmizin beynəlxalq enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirir.
Mətbuata bəyanatında ölkə başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının son toplantısına da diqqət çəkərək vurğuladı ki, Azərbaycan hasilat güclərini artırmağa davam edir. Yeni yataqların istismara verilməsi sayəsində növbəti iki-üç il ərzində qaz ixracının əlavə 10 milyard kubmetr artırılması hədəflənir. Enerji əməkdaşlığının digər mühüm qolu isə “yaşıl enerji”dir. Azərbaycan külək, günəş və su elektrik enerjisinə yatırılan irimiqyaslı investisiyalar sayəsində yaxın 5-6 il ərzində Avropaya 6-8 giqavat bərpaolunan enerji ixrac etməyi planlaşdırır. Bu məqsədlə dəniz dibi kabelləri və müasir infrastruktur layihələri üzərində işlər sürətləndirilib. Ermənistanla sülhdən sonra ölkəmiz Ermənistanın ərazisindən keçən Orta Dəhlizin genişləndirilməsi üzərində çalışır. “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər. Bu günə qədər bu, hələlik yoxdur. Bunun sayəsində biz Azərbaycanın əsas hissəsi ilə eksklavımız olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantını yarada biləcəyik”, – deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: “Biz neft və qaza olan qiymətlərin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil”. Prezident qeyd edib ki, biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq. Boru kəməri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəyə görə Azərbaycan dünyada bir nömrəli ölkədir. Dövlətimizin başçısı bildirib ki, hazırda ixracın həcmi artır və bu, belə də davam edəcək. Bu, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin mühüm amilidir. Beynəlxalq bazarlara etibarlı neft təchizatçısı kimi Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək.
Münaqişələr ənənəvi daşımalar yollarını pozur, insanlara, ölkələrə, iqtisadiyyatlara çox böyük problemlər yaradılır. Daşımalar, bağlantılar pozulduqda beynəlxalq ictimaiyyətin əksər hissəsinin üzvləri çətinliklərlə üzləşir. Hazırda həm Orta Dəhlizə, həm də Şimal-Cənub dəhlizinə yatırımlar edildiyini, Azərbaycanın ərazisində bütün tikinti layihələrinin tam icra olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır və biz həm Qərbdə, həm də Şərqdə bir çox ölkələr üçün mühüm tranzit rolunu oynayırıq”. XIII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayacaq. Əminik ki, burada aparılacaq diskussiyalar beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



