Bolqarıstan Respublikası ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərindən biridir
Azərbaycan və Bolqarıstan arasında bir çox sahələr üzrə mühüm əməkdaşlıqlar həyata keçirilir. Bu strateji tərəfdaşlıq 2015-ci ildən başlamışdır və hazırda sürətlə inkişaf edir. Qaz cə enerji sahəsində, ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə bir çox ikitərəfli münasibətlər həyata keçirilir. Hazırda Azərbaycan qazının 1 milyard 250 milyon kubmetri Bolqarıstan bazarına nəql olunur. Bununla yanaşı, “yaşıl enerji” sahəsində də fəal əməkdaşlıq əlaqələri həyata keçirir.
Azərbaycan Respublikasının bugünkü inkişafının təməlində qurduğu möhkəm dostluq və əməkdaşlıq əlaqələri durur. Mestqazandıqdan sonra atılan ən mühüm addımlardan biri beynəlxalq əlaqələrin həyata keçirilməsi olmuşdur. Bunun timsalında Azərbaycan və Bolqarıstan arasındakı münasibətləri misal göstərmək olar. Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımışdır. O gündən sonra hər iki ölkə arasında qarşılıqlı əlaqələr daha da inkişaf etmişdir. Bunun nəticəsidir ki, bu gün 2024-cü il 8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində hər iki ölkə arasında mühüm xarakterli sənədlər imzalanmışdır. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” bu tipli sənədlərdəndir. Hər iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr mövcuddur. Bunun nəzdində 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Hər iki dövlətin dövlət başçılarının qarşılıqlı səfərlərinin həyata keçirilməsi də bu münasibətlərin inkişafında böyük əhəmiyyət kəsb edir.
Zərxanım Abbasova,
YAP-ın fəalı