BMT Təhlükəsizlik Şurasında Ermənistan diplomatik səviyyədə daha bir ağır məğlubiyyətə düçar oldu
“Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2023-cü il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin,beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazilərinin işğalı ilə bağlı dörd qətnaməsinin olduğu 30 ilə yaxın bir vaxtda Şuranın Ermənistan qoşunlarının torpaqlarımızdan çıxarılması və işğala son qoyulması ilə bağlı bir dəfə də hər hansı toplantının keçirilməməsi ölkəmizə qarşı haqsızlıq idi. Buna imkan verməyənlərdən biri də Fransa olmuşdu. Məhz onun dəstəyi ilə Ermənistan 30 il ərzində BMT-nin qərar və qətnamələrini yerinə yetirməkdən boyun qaçıra bildi. Vaxtilə BMT-nin qətnamələrini vecinə almayan Ermənistan indi bu qurumdan yardım diləməklə məşğuldur. Bu rəsmi İrəvanın siyasi məsuliyyətsizliyindən başqa bir şey deyildir. Rəsmi İrəvanın Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümüdür.
“BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında səfir Yaşar Əliyevin sosial şəbəkələrdən nümunə gətirməsi və Xankəndidə əslində heç kimin acından ölmədiyini faktlarla sübut etməsi sosial şəbəkələrin gücünü və orada şəbəkələşən Azərbaycan cəmiyyətinin məsələlərə təsir imkanını göstərdi. Ermənilərin “blokada” yalanının ifşa edilməsi istiqamətində göstərilən şəkillər aylardır “#noblockade” “#fakeblockade” həştəq və etiketlərdən istifadə edilərək Azərbaycan cəmiyyətinin təbii formada birləşməklə apardığı məqsədyönlü kampaniyaların nəticəsidir. Bu ictimai və təbii formalaşan kampaniyalar dövlətimizə bir daha Ermənistan üzərində informasiya müharibəsində qalib gəlməyə kömək etdi”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclası ölkəmiz üçün növbəti mütləq diplomatik zəfərdir. BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında aparılan müzakirələr yalnız ədalətin təcəssümü deyildi. Eyni zamanda da Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycan diplomatiyasının doğru siyasətinin nəticəsi idi.