
2026-cı il aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri Cənubi Qafqazın siyasi və iqtisadi coğrafiyasında strateji əhəmiyyət daşıyan hadisələrdən biridir. Bu səfər iki qardaş ölkə — Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin gələcək perspektivlərinə dair güclü mesajlar vermiş, regional əməkdaşlığın inkişafına yeni stimul yaratmışdır.
Səfər çərçivəsində baş tutan görüşlərdən sonra Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata birgə bəyanatlarla çıxış etmişlər. Prezident İlham Əliyev aprelin 6-da Tbilisidə rəsmi qarşılanma mərasimindən sonra bir sıra yüksək səviyyəli görüşlər keçirmişdir. Bu görüşlər çərçivəsində o, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşlərdə iştirak etmişdir. Səfərin əsas məqamı gündəlikdə duran bir sıra önəmli siyasi və iqtisadi məsələlərin müzakirəsi olmuşdur. Söhbət iki dövlət arasındakı münasibətlərin gücləndirilməsindən, regional əməkdaşlığın dərinləşdirilməsindən və qarşılıqlı dəstək anlayışından getmişdir.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda bu münasibətlərin strateji səviyyədə davam edəcəyi vurğulanmışdır. İlham Əliyev bəyanatında qeyd etmişdir ki, Azərbaycan və Gürcüstan bir-birlərini beynəlxalq təşkilatlarda dəstəkləyir və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətləri inkişaf etdirir. O, “biz həmişə birgə dayanmışıq və bundan sonra da belə olacaq” — deyə vurğulamışdır. Bu siyasi mesaj, bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə xidmət edir və iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə yönəlib.
Prezident İlham Əliyevin bəyanatının mətbuat tərəfindən geniş işıqlandırılan hissələrindən biri də iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlıdır. O qeyd etmişdir ki, Azərbaycan nefti və qazı qlobal bazarlara Gürcüstan ərazisi vasitəsilə ixrac olunur, bu da ölkələr arası iqtisadi inteqrasiyanın nə qədər dərin olduğunu göstərir. Bu əməkdaşlığın ən parlaq nümunəsi Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri və Cənub Qaz Dəhlizi kimi böyük energetika infrastruktur layihələridir. BTC kəməri artıq 20 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir və regionun enerji təhlükəsizliyində mühüm rol oynayır.
Prezident İlham Əliyev bəyanatında əlavə etmişdir ki, həmin layihələr yalnız enerji sahəsində deyil, həm də nəqliyyat və logistika sahəsində geniş miqyaslı əməkdaşlığın formalaşmasına təkan verir. Orta Dəhliz kimi nəqliyyat koridorları regionun tranzit potensialını artırır və Azərbaycanla Gürcüstanı Avropa və Asiya bazarlarına birləşdirir. Beləliklə, iqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun inkişafına xidmət edir. Bəyanatda Prezident İlham Əliyev regional təhlükəsizlik məsələlərinə də toxunmuşdur. O, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və sülhün təmin edilməsinin vacibliyini vurğulamışdır. Prezident qeyd etmişdir ki, bu sahədə qarşılıqlı dəstək və dialoq iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



