Biz artıq Qarabağ ərazilərdə Novruz bayramını qeyd edirik
Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Çox uzun müddətlər daim din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmış və onu öz gözlərində ayırmaq üçün bu kimi bir sıra işlər görmüşlər. Dini məsələlərin Novruz Bayramına təsiri isə Ərəb xilafətinin Azərbaycana gəlişi ilə başlamışdır. Hətta bəzilərinin fikrincə bu bayram Əlinin hakimiyyətə gəldiyi günlə bağlıdır. Yəni xalq Əlinin hakimiyyətə gəlişini qeyd etmək məqsədi ilə bu bayramı etmişlər. Ancaq bildirək ki, Əli iyul ayında hakimiyyətə gəlmiş Novruz bayramı isə bildiyimiz kimi mart ayında qeyd olunur. Xalqların çox hissəsi elə qədim zamanlardan olan adətləri özlərində saxlamışlar. Və məlum olur ki, keçirilən bu bayramlar, bu adətlər heç bir dini ehkamlarla əlaqəsi olmadan keçirilir. Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır. Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı. “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” –Ulu Öndər Heydər Əliyev . Bəli, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı