Analitika

Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin yüksələn xətlə inkişafı bizə yeni imkanlar açacaq

Öncə bunu xüsusi  qeyd etmək lazımdır ki, mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür. Cənab Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında da qeyd etdiyi kimi “Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir”. 2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi. Bu, əsl dost ölkənin dəstəyi idi. Cənab Prezident İlham Əliyev də görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan edib. Hələ 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb. Ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malik olduğunu və bunun ölkəmizin ixracını şaxələndirməyə şərait yaradacağını qeyd edib. Azərbaycan Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini reallaşdırmış ölkədir. Ölkəmiz bu meqa layihəni cəmi iki il əvvəl öz tərəfdaşları ilə başa çatdırıb və Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş, uzunluğu 3500 kilometr olan boru kəmərləri sistemini qurub. Məhz belə bir layihənin reallaşması nəticəsində ölkəmizin təbii qaz ixracı artmaqdadır. Prezident cənab İlham Əliyev bu haqda danışarkən diqqətə çatdırdı ki, əgər Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım gələcəkdə də davam edəcək. Ölkə başçısı onu da bildirdi ki, Azərbaycanı bərpaolunan enerji mərkəzlərindən birinə çevirmək planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Ölkəmizin bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi kifayət qədər ixrac marşrutlarına da ehtiyac yaradır. İxrac marşrutlarının da yaradılması üçün paralel olaraq tədbirlər həyata keçirilir. Belə ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Ruminya tərəfindən Avropa Komissiyası Prezidentinin şahidliyi ilə Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanmışdır. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq. Birləşmiş Ərəb Əmirliklərinin siyasi və iqtisadi gücü hər bir şəxsə məlumdur. Azərbaycan özünün gücünü təkcə siyasi formatda deyil, eyni zamanda, iqtisadi sferada da göstərir. Müstəqil siyasət aparmaq üçün dövlətin iqtisadi gücünün artırılması vacib şərtdir. Azərbaycan iqtisadi gücünü artırmaq üçün dayanıqlı və texnoloji inkişaf modellərindən istifadə edir. Azərbaycan artıq yaşıl enerji ixracatçısı kimi yeni bir istiqamət üzrə hərəkət edir. Əbu-Dabi Dayanıqlılıq Həftəsi statusuna və təqdimat imkanlarına görə Azərbaycanın yaşıl enerji imkanlarının nümayiş olunması üçün mühüm platformadır. Məhz Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”nin müəyyənləşdirildiyini də diqqətdə saxlasaq ölkəmizin yaxın onilliklər üçün özünün iqtisadi və energetika sahəsində yeni vizionunu təqdim etmək niyyətində olduğunu görərik. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib.Bu zəngin potensialdan istifadə olunmasına artıq başlanılıb. Ötən ilin yanvarında 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, martda isə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyuldu. “Qaradağ” Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə tanınmış “Masdar” şirkəti tərəfindən inşa edilir. Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətinin əsas istiqamətlərindən biri də işğaldan azad olunan ərazilərin potensialının qiymətləndirilməsi və istifadə olunmasıdır. Yaxın aylarda Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi planlaşdırılır.Ötən il dekabrın 17-də Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması da bu istiqamətdə atılan mühüm addımlardan biri oldu. Bu layihə ilə Azərbaycanın bu sahədə qarşıya qoyduğu əsas hədəf ixrac həcminin genişləndirilməsidir. Beləliklə, bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm faktor kimi öz fəaliyyətini durmadan genişləndirir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button