Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibət yüksələn xətlə davam edir
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələr mövcuddur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulmuşdur. 2001-ci ildə səfirliyimizin bu ölkədə təsis edilməsindən sonra inkişaf etməyə başlayıb. Qısa müddət ərzində bir sıra qarşılıqlı səfərlər təşkil edilib, əlaqələrin ilkin olaraq inkişaf etdirilməsi üçün müxtəlif sahələri əhatə edən müvafiq sənədlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə səfəri zamanı ölkələr arasında siyasi, iqtisadi, mədəni, turizm və s. sahələri əhatə edən sazişlər imzalanıb ki, artıq bu sazişlərin müddəalarından irəli gələn məsələlərin əksəriyyəti həyata keçirilib. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı və digər bu kimi mühüm və nüfuzlu regional və beynəlxalq təşkilatlar çərçivəsində hər zaman əməkdaşlıq etmiş və hazırda da bu əməkdaşlığı uğurla davam etdirməkdədirlər. Birləşmiş Ərəb Əmirlikləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.
İki lider iki dost ölkə arasındakı əməkdaşlıq gələcəkdə daha da genişlənməyi məqsədəuyğun hesab olunur. Bu, investisiya tərəfdaşlığı, ticarət, turist və mədəniyyət mübadiləsi, həmçinin qarşılıqlı turizmin inkişafına öz töhfələrini vermək, xüsusilə hər iki tərəfdən iş adamları və investorlar arasında qarşılıqlı səfərlər baxımından iki dost xalq arasındakı məsafəni birləşdirmək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri ilə Bakı arasında hava uçuşlarının sayını artırmaq, daha geniş əməkdaşlıq sahələrini əhatə etmək və s. məsələləri özündə ehtiva edir. Ölkələr arasında sənaye, energetika, kənd təsərrüfatı, kommunikasiya və yüksək texnologiyalar, həmçinin nəqliyyat, ticarət, investisiya, turizm, yeni hava yolu xətləri, əqli mülkiyyət hüququ, təhsil və mədəniyyət üzrə olan əməkdaşlığın genişlənəcəyi gözlənilir.
BƏƏ və Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsində özəl sektorun da əhəmiyyəti böyük olmuşdur. Hazırda Azərbaycanda BƏƏ sərmayələri əsasında 122 şirkət fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan şirkətləri də BƏƏ-də uğurla fəaliyyət göstərirlər. Azərbaycanda son illərdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer tutub. Bu gün, xarici şirkətlərlə yeni müqavilələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanıqlılığını təmin edəcək. Bərpaolunan enerji istehsalı ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcək. Bərpaolunan enerji istehsalı sahəsində Azərbaycanda fəaliyyət göstərən Birləşmiş Ərəb Əmirlikləri şirkətlərindən biri “ Masdar” şirkətidir. Dünyanın 30-dan çox ölkəsində bərpa olunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayan “Masdar” şirkəti günəş layihəsini həyata keçirmək üçün Azərbaycan ilə tərəfdaşlığa başlamışdır. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir.
Beləliklə, bütün bunlar onu göstərir ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Ümid edirik ki, bütün bunların həyata keçirilməsi ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişafına, gələcəkdə əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına böyük təkan verəcək.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı