Analitika

Bir olaq, həmrəy olaq!

Hər il 31-dekabr tarixi dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu günü dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, eyni zamanda onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi.

Məhz, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir.

Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini teşkil edir. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Sevindiricidir ki, həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Azərbaycana olan məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyon azərbaycanlının bayramıdır.

Tariximizə qızıl hərflərlə yazılan Vətən  müharibəsində  qazandığımız  Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.

Bir olaq, həmrəy olaq , həmişə milli kimliyimizlə qürurlanaq, çünki bu bizi yeni-yeni qələbələrə aparacaq!

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button