AnalitikaGündəmSiyasət

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi

10 fevral 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda səfərdə olan ABŞ-ın Vitse-prezidenti Cey. Di. Venslə geniş tərkibdə görüşü keçirilmişdir. ABŞ-nin Vitse-prezidenti Cey. Dİ. Vensi Azərbaycanda rəsmi səfərdə salamlamasından böyük məmnunluq hissi keçirdiyini bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirib ki, Azərbaycana çox müsbət münasibətinə görə Tramp-Vens administrasiyasına olduqca minnətdardır. Heyətlərin altı ay ərzində gördüyü çox gərgin işin təzahürü olaraq tərəflər arasında görüş zamanı Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı. Altı ay əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyen ABŞ Prezidenti Trampla Vaşinqtonda tarixi görüşü və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev vurğuladı ki, dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdardır. Ötən ilin avqustunda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və Prezident Trampın şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladılar. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə öz minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətlər qaldırılıb, o cümlədən Azərbaycan da Ermənistana neft məhsullarının təchizatına başlayıb. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır.
Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizinə çevriləcək. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.
Vitse-prezident Vensin səfəri zamanı imzalanmış Strateji Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. İki ölkə arasında təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işlər davam etdirilir. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Müdafiə məhsullarının satışı sahəsində yeni perspektivli bir səhifə açırıq. Süni intellekt mərkəzlərinin yaradılması da bu gün ikitərəfli gündəliyin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələr əldə olunub. Başqa sözlə, Vitse-prezident Vensin səfəri zamanı imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dövlətlərarası dostluq baxımından tarixidir. Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanan Xartiyaya əsasən hər iki dövlət ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini, diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğuladılar. Strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini təsdiqlədilər. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətində olduğunu bəyan etdilər. Hər iki dövlət 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul etdilər.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi kimi layihələrin həyata keçirilməsi ilə nəticələnmiş və sıx əməkdaşlıq sayəsində hər iki tərəfə və daha geniş regiona fayda vermiş Azərbaycan-ABŞ münasibətlərinin məhsuldar tarixinə əsaslanaraq, ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətində olduğunu bildirdilər və bu məqsədlə iki dövlət də Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək haqqında qərar qəbul etdilər. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları regional bağlantıların əhəmiyyətini qəbul edərək, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdırmaq, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək, mülki nüvə əməkdaşlığını dərinləşdirmək, kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə etdilər.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları bu Xartiyadan irəli gələn öhdəliklərini yerinə yetirməklə bağlı ortaq niyyəti qəbul edərək mövcud Strateji Tərəfdaşlıq çərçivəsinin bir hissəsi kimi, iqtisadiyyat və ticarət, enerji, bağlantılar, AI və rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə daxil olmaqla, əməkdaşlıq sahələri üzrə İşçi Qrupları yaratmaq hüququ əldə etdilər. Müvafiq İşçi Qrupları hazırkı Xartiyanın imzalanmasından sonrakı üç ay ərzində layihələrin siyahısını və onların həyata keçirilməsi üçün yol xəritələrini razılaşdırmaq niyyətindədirlər. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları hazırkı Xartiya çərçivəsində ildə ən azı bir dəfə müntəzəm olaraq görüşmək niyyətində olduqlarını bildirdilər və tərəfdaşlıqlarının həyata keçirilməsi üçün zəruri olan və qarşılıqlı surətdə müəyyən edilmiş digər dialoq platformaları yarada biləcəklərini qeyd etdilər.
Həm ABŞ Vitse-prezident Cey. Di. Vensin Azərbaycan Respublikasına səfəri, həm bu səfər zamanı aparılan danışıqlar, həm də imzalanan Xartiya Azərbaycan Respublikası-ABŞ tarixində yeni istiqamətlərdə inkişaf edən münasibətlərin daha da dərinləşdiyini, Prezident İlham Əliyevin düşünülmüş strategiyasının nəticəsi olaraq ABŞ nümunəsində etibarlı bir müttəfiq qazandığımızın bariz nümunəsidir. Hər iki dövlətin davamlı və dayanıqlı siyasəti nəticəsində Qafqaz regionuna sülhün gəlməsilə başlayan bu münasibətlər, inanıram ki, nəinki Azərbaycan xalqının, regionunun digər xalqlarının da firavan və təhlükəsiz həyatının zəmanəti olacaq.

Əsgərova Şəlalə,
Xəzər rayonu, Z.Ağayev adına
241 saylı tam orta məktəbin direktoru 

Oxşar Xəbərlər

Back to top button