Beynəlxalq ictimaiyyətin yekdil mövqeyi
Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə çıxış edərək bildirib:
-Bir neçə gün bundan öncə ölkəmiz növbəti böyük uğura imza atmışdır. Belə ki, COP-29 Beynəlxalq konfransının gələn il Azərbaycanda, Bakıda keçiriləcəyinə dair qərar qəbul edilmişdir. Bu qərarı bütün dünya ölkələri qəbul etmişdir. Bu isə Azərbaycana olan böyük etimadın və hörmətin göstəricisidir. Biz bu etimadı öz gücümüzlə, əməlimizlə, işimizlə, apardığımız siyasət nəticəsində qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edlməsi bizə olan etimadı daha da artırdı.
Antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmiş, eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bu fikirlər Azərbaycanın xarici siyasətinə yönəldilmiş münasibətlərin dəyişdirilməsi tələbi kimi anlaşılmalıdır. Bu tələb təkcə Azərbaycanın deyil, həm də Azərbaycana siyasi ehtiramı olan dövlətlərin dəstəyidir.
Bəzi hallarda beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələri deməkdir. Bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il də uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir.
COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik.
Dövlət başçımızın çıxışında yer alan bu fikirlər bizi əmin edir ki, COP29 beynəlxalq konfransını biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru kimi dünyaya səs salacaqdır. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcəkdir.
Həmdullayeva Vüsalə,
Xəzər rayonu, Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbin müəllimi



