Analitika

Bəşəriyyət tarixinin ən qəddar soyqırımı

Xocalı faciəsi əsrin bəlası, əsrin faciəsi hesab olunur. Çünki bu tarix, bu dəhşətli gün qanla yazıldı Azərbaycanın tarixi səhifələrinə. Xocalıda yaşanan o dəhşətli günlər bu gün də yadımızdan çıxmır, əsrlər boyunca da unuda bilməyəcəyimiz dəhşətdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

İllər əvvəl torpaqlarımıza köçürülən bu bədnam erməni qonşular torpaqlarımıza göz dikən acgözlərdən idilər. Köç başlanandan bir neçə il sonra artıq onlar insanlarımıza hücumlar edir, vəhşiliklər törədir, camaatın mal-mülkünə ziyan vururdular. Ermənilər Azərbaycan torpaqlarına ayaq basdıqları gündən xalqımızın qara günləri başlamış oldu. Ən dəhşətli faciə isə 25-dən 26sına keçən gecə Xocalımızda yaşandı. Şəhər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Xocalı soyqırımı Ermənistanın dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və  şəhər tam alova bürünmüşdür. Əhali şəhəri tərk etməyə məcbur olmuşdur. Bu zaman erməni silahlı qüvvələri dinc əhaliyə divan tutmuşdur.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Soyqırımı törədən vəhşi cəlladlar Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar. İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 ev, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 5 rabitə müəssisəsi, habelə 20 təhsil, 14 tibb, 3 mədəniyyət evi, 1 tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərirdi. Ermənistanın işğalı nəticəsində bunlarla yanaşı bir çox tarixi, mədəniyyət və dini abidələr də məhv və talan edildi.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır.Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ -nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının xüsusi  əhəmiyyəti var. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edir.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək Ermənistan rəhbərliyini təslim aktını imzalamağa məcbur etdik. Bununla da Azərbaycan torpaqlarının işğalına son qoyuldu, bütün şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının qisası alındı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Əfəndiyeva Jalə,
Xəzər rayonu,  123№li tam orta məktəbin  müəllimi

Oxşar Xəbərlər

Back to top button