Belə bir çətin gündə türk qardaşlarımızın yanında olmaq hər birimizin borcudur
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyası baş tutub. Prezident İlham Əliyevin “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir” sözləri xüsusi qeyd olunub. Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidentinin göstərişi ilə SOCAR da zəlzələnin fəsadlarının aradan qaldırılması işinə dəstək verməyə başlayıb. Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Həmçinin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun zəlzələ bölgəsinə humanitar yardım göndərməsi barədə tapşırıq verib. Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərilib. Türkiyəyə göndəriləcək humanitar yardım Fondun Türkiyəyə ezam edilən əməkdaşları tərəfindən zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara çatdırılıb. Azərbaycan xalqı hazırda Türkiyəyə edilən yardımların əsas özəyini təşkil edir. Xalqımızın bu aksiyada göstərdiyi fəallıq təqdirəlayiqdir. Biz Türkiyədə təbii fəlakətdən əziyyət çəkən insanlara yorğan, döşək, uşaq, qadın, kişi geyimləri və digər ləvazimatlar toplayaraq yardım etdik. zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər 6 fevral tarixində Türkiyəyə yola salınıb. Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti göndərilib. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını yorulmadan davam etdirirlər. Azərbaycanlı xilasedicilər zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş vilayətində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Məqalədə Azərbaycan dövlətinin və xalqının qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərdiyi qeyd olunub. Türkiyə xalqının başına gəlmiş bu faciə hər birimizi kədərləndirir. Vəfat etmiş hər bir vətəndaşa Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Tezliklə bu zələzlənin nəticələrinin aradan qaldırılmasını arzu edirik.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı