BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin yüksək materiallar və texnologiyalar üzrə potensialı ilə tanış olub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Anhui əyalətinə işgüzar səfəri çərçivəsində Anhui Universitetində fəaliyyət göstərən sənaye-təhsil-tədqiqat institutunu (“Industry-Education-Research Institute of Advanced Materials and Technology for Integrated Circuits”) və Materiallar Elmi və Mühəndisliyi Məktəbini (“School of Materials Science and Engineering”) ziyarət edib.
Bu barədə Aktualinfo.az AZƏRTAC-a BDU-dan bildirilib.
Materiallar Elmi və Mühəndisliyi Məktəbi materialşünaslıq və mühəndislik sahəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində ixtisaslı kadrlar hazırlayır. Məktəbdə Metal materialı mühəndisliyi, Qeyri-üzvi metal materiallar, Material fizikası və kimyası, Materialların emalı və digər bölmələr fəaliyyət göstərir. Məktəb təhsilalanlara materialların kimyası, quruluşu, emalı, səth texnologiyaları, metal və qeyri-metal materiallar üzrə ixtisaslaşma imkanı verir. Bu təhsil müəssisəsinin elmi-tədqiqat infrastrukturu yüksək səviyyədədir: araşdırma, sınaq və təcrübə laboratoriyaları, metallurgiya və səth texnologiyaları üzrə əsas laboratoriyalar fəaliyyət göstərir, ölkə və regional səviyyəli tədqiqat platformaları reallaşdırılır. Məktəb həm ənənəvi material sənayesi, həm də yeni materiallar sənayesi sahələrində fəaliyyət göstərir. Universitet-sənaye əlaqələri və tədqiqat imkanları məzunlara metallurgiya, maşınqayırma, avtomobil, energetika, elektronika və yeni materiallar istehsalı sahələrində uğurla fəaliyyət göstərməyə imkan yaradır.
Sənaye-təhsil-tədqiqat institutu material elmləri və inteqrasiyalı sxemlər üçün materialların hazırlanması və araşdırılması istiqamətində fəaliyyət göstərir. İnstitut yüksək texnoloji imkanlar təqdim edir və burada mikro-nano emal, material nümunələrinin hazırlanması, yüksək dəqiqlikli testlər, elektron materialların səth və struktura nəzarət texnologiyaları, funksional materiallar üzrə tədqiqatlar aparılır. Bu imkanlar institutun yüksəksəviyyəli elmi-tədqiqat bazası rolunu gücləndirir və onu həm fundamental tədqiqat, həm də sənaye tətbiqləri üçün ciddi platformaya çevirir. Hazırda institut beynəlxalq səviyyədə tanınan elmi nəticələr əldə edir, elmi məqalələr, patentlər və sənaye-tədqiqat layihələri həyata keçirir.
Səfər zamanı nümayəndə heyəti birgə bakalavriat, magistratura və doktorantura proqramlarının yaradılması, müəllim və tədqiqatçı mübadiləsi, birgə elmi-tədqiqat layihələri, sənaye-universitet əməkdaşlığı, praktik təcrübə bazalarının təşkili və ortaq akademik forumların keçirilməsi imkanlarını müzakirə edib. Yeni materiallar, yarımkeçirici materiallar, elektron komponentlər və təmiz enerji materialları sahələrində əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.



