Bayraq bizim and yerimizdir!

Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cumhuriyyətinin taleyini bölüşüb, mavi səmalardan yaddaşlara, şanlı keçmişin ürkək xatirələrinə köçmüş üç rəngli bayrağımız öz doğmasına 1991-ci ildə qovuşdu. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi qəbul edilməsi barədə Muxtar Respublikanın Ali Məclisinin qərarı ilə həmin an, həmin məkanda kürsüyə gətirildi.
5 fevral 1991-ci il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadəti ilə Azərbaycan Respublikasının Ali Soveti də üç rəngli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul etdi.
2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdi. Heydər Əliyevin irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu Öndərin digər müqəddəs əmanətləri kimi azərbaycançılıq məfkurəsinin ardıcıl siyasi xəttinin qorunmasına da xüsusi həssaslıqla yanaşır. Dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələrindən bəhrələnərək bu məfkurəni yeni şəraitdə daha da inkişaf etdirir. Ölkə başçısı İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
Onu da qeyd etmək lazımdır ki artıq iki ildir rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində ərazilərimizi erməni işğalından azad etdi və üçrəngli bayrağımızı bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımıza qovuşdu. Biz bu gün qürurluyuq ki, qalib ölkənin, qalib vətəndaşıyıq.
Qoy ucalan bayrağımız, kölgəsini vətənimizin, torpağımızın üzərindən əskik etməsin!
Abbaszadə Aynur,
Yeni Azərbaycan Patiyası Nizami Rayon Təşkilatının Məsləhətçisi