Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresi bir çox göstəricilərinə görə əvvəlki illərdə keçirilmiş konqresləri geridə qoyub
“50 ildən sonra yenidən Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresi bir çox göstəricilərinə görə əvvəlki illərdə keçirilmiş konqresləri geridə qoyub. Belə ki, 74-cü Beynəlxalq Astronavtika Konqresində 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı olub, eyni zamanda, konqres çərçivəsində keçirilmiş sərgidə 36 ölkədən 150 şirkət iştirak edib. Konqres kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Həmçinin, Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bakı Konqresi bu göstərici üzrə də Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub: “Azərbaycanda son 10 il ərzində müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən müddətdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılıb, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılıb, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Azərbaycan mütəxəssisləri tərəfindən idarə olunan peyklər təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər”.
“İlk dəfə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra müstəqil Azərbaycanın ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu beynəlxalq konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.