AnalitikaGündəmSiyasət

Bakıda enerji təhlükəsizliyi və yaşıl enerji məsələləri müzakirə edildi

Martın 3-də Bakıda yerləşən Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci, həmçinin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçirilib. Tədbirdə İlham Əliyev iştirak edib və geniş çıxış edərək Azərbaycanın enerji siyasəti, beynəlxalq əməkdaşlıq və gələcək planları barədə fikirlərini bölüşüb.

Prezident çıxışının əvvəlində tədbirdə iştirak edən qonaqları salamlayaraq Avropa təsisatları ilə Azərbaycanın güclü tərəfdaşlığını xüsusi vurğulayıb. O bildirib ki, Məşvərət Şurasının illik toplantıları ötən dövrdə görülən işlərin qiymətləndirilməsi və enerji təhlükəsizliyi sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platformadır.

Dövlət başçısı qeyd edib ki, son illərdə Azərbaycanın enerji layihələri bir çox ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfə verib. Onun sözlərinə görə, əvvəlki iclasda Azərbaycan qazının 12 ölkəyə ixrac edildiyi bildirilsə də, hazırda bu rəqəm 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir.

Prezident həmçinin vurğulayıb ki, Azərbaycan qazının tədarükü artıq Avropa ilə məhdudlaşmır. İlk dəfə olaraq Suriyaya qaz ixracına başlanılıb və bu çərçivədə təxminən 1,5 milyard kubmetr qazın tədarükü həyata keçirilir. Bu addım Suriyada elektrik enerjisi çatışmazlığının azaldılmasına və iqtisadi fəaliyyətin canlanmasına kömək edir.

Çıxış zamanı bildirilib ki, Azərbaycan Avropa enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. Artıq Almaniya və Avstriya da Azərbaycan qazını alan ölkələr sırasına qoşulub. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır.

Prezident qeyd edib ki, yaxın illərdə yeni yataqlardan hasilatın artması nəticəsində əlavə 10–15 milyard kubmetr qaz əldə etmək mümkün olacaq. Bu artım əsasən “Azəri-Çıraq-Günəşli”, “Abşeron”, “Ümid” və Şahdəniz qaz yatağı kimi yataqlarda yeni mərhələlərin istismarı ilə bağlıdır. Lakin artan tələbatı qarşılamaq üçün mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi zəruri hesab olunur.

Prezident çıxışında Azərbaycanın alternativ enerji sahəsində gördüyü işlərə də toxunub. O bildirib ki, regionda ən böyük külək elektrik stansiyası artıq istifadəyə verilib və bu layihə ACWA Power tərəfindən həyata keçirilib. Bundan əvvəl isə Masdar şirkəti tərəfindən 230 meqavat gücündə günəş elektrik stansiyası tikilib.

Gələcək planlara əsasən, Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi istehsal etməyi planlaşdırır. Bu enerji həm daxili tələbatın ödənilməsinə, həm də ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Prezident həmçinin Qara dənizin dibi ilə Azərbaycandan Avropaya elektrik enerjisi kabelinin çəkilməsi və Mərkəzi Asiyadan Azərbaycana enerji xəttinin yaradılması layihələrinin üzərində iş aparıldığını bildirib. Onun sözlərinə görə, bu layihələr region ölkələri üçün strateji əhəmiyyət daşıyacaq.

Bununla yanaşı, Azərbaycan digər ölkələrdə də enerji layihələrində iştirak edir. Ölkə Türkiyədə 870 meqavat gücündə böyük elektrik stansiyası əldə edib, həmçinin Serbiya ilə 500 meqavat gücündə yeni elektrik stansiyasının tikintisi barədə razılıq əldə olunub.

Çıxışında Prezident enerji siyasətində praqmatik yanaşmanın vacibliyini də vurğulayıb. O qeyd edib ki, bərpaolunan enerji mənbələrinin inkişafı mühüm olsa da, faydalı qazıntı yanacaqlarını tamamilə nəzərdən kənarda qoymaq real deyil. Buna görə də qaz, külək, günəş və digər enerji mənbələrinin balanslı şəkildə inkişaf etdirilməsi vacibdir.

Sonda dövlət başçısı bildirib ki, Azərbaycan həm enerji istehsalçısı, həm də etibarlı tranzit ölkə kimi qlobal enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə davam edəcək. O, keçirilən iclasın konstruktiv müzakirələr və yeni əməkdaşlıq imkanları ilə yadda qalacağına əminliyini ifadə edib.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button