“Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək
“Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək bir platformadır. Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpaolunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir. Bu il keçirilən tədbirdə 320 fərqli şirkət 35 ölkəni təmsil edir və bu da toplam olaraq keçən ilin sərgisi ilə müqayisədə 25-30 faiz artım deməkdir. Bu da platformaya olan diqqətin və marağın göstəricisidir”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, builki “Bakı Enerji Həftəsi” Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edir. Bu, əlamətdar bir hadisədir. Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin müstəsna rolu ilə bağlıdır. “Xəzər Neft və Qaz” sərgisinin bünövrəsinin qoyulması və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf etmişdir. Məhz həmin il imzalanmış “Əsrin müqaviləsi”ndən sonra enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilən Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaratmışdır. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.
“Son illərdə enerji istehsalı texnologiyalarının davamlı inkişafı, eləcə də qlobal iqlim hədəfləri dünyanın aparıcı ölkələrində enerji siyasətinin əsas istiqamətlərindən olan “yaşıl enerji”yə keçidi sürətləndirməkdədir. “Yaşıl enerji”nin inkişafına yönəlmiş layihələrin ölkədə artıq işə salınması “Cənub Qaz Dəhlizi” kimi iri layihənin analoqu hesab olunan “yaşıl enerji dəhlizi” yaratmaq üçün mühüm fürsətdir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, xüsusilə, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsi, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” zonasının yaradılması ölkəni alternativ enerji istehsalçısı və ixracatçısına çevirəcəkdir.