Analitika

Azərbaycanlıların Soyqırımı Günü 31 Mart

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almışdır. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan onilliklər ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimişdir. 1917-ci il oktyabr çevrilişindən sonra azərbaycanlılara qarşı soyqırım planını reallaşdırmağa başlayan ermənilər “əks-inqilabçılarla mübarizə” şüarı altında 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyası ərazisində, Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, yaşayış məntəqələrini dağıdıb, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan edib. Qarabağ, Zəngəzur, Naxçıvan, Salyan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar həyata keçirib, əhaliyə divan tutublar.1918-ci ilin mart-aprel aylarında ermənilər ümumilikdə 50 min azərbaycanlını, 30 mindən çox soydaşımızı xüsusi amansızlıqla qətlə yetirib, 10 minlərlə insanı doğma yurdlarından qovub, evlərini yandırıb, mill-mədəni abidlərimizi məhv ediblər. Ermənilər tərəfindən Şamaxı qəzasının 58 kəndi, Quba qəzasının 122 kəndi, İrəvan quberniyasının 24 kəndi yerlə-yeksan edilib. İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfər olduğu halda 1922-ci ildə 70 min nəfərə endirilmişdir.

Şamaxıda törədilmiş cinayətlər ilə əlaqədar tədqiqat işləri hələ də davam edir. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib.

Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

Azərbaycan xalqına qarşı törədilmiş bütün faciələrə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il tarixli fərmanı ilə respublikamızda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.

“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”

Ermənilərin 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları Qubada və digər ərazilərdə aşkar edilən kütləvi məzarlıqlar bir daha təsdiq edir. Həmin materialların dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət səviyyəsində  tədbirlər bu gün də davam etdirilir. Soyqırımı qurbanlarının xatirəsi daim əziz tutulacaq və heç vaxt unudulmayacaq.

Vəfa Məmmədova,
Xəzər rayonu, 136 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button