Analitika

Azərbaycanla Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Bildiyiniz kimi 22 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasında rəsmi səfərdə olub. Səfər zamanı prezident İlham Əliyev mətbuata verdiyi açıqlamada Azərbaycan Litva münasibətlərinin siyasi səviyyədə olduğu kimi, iqtisadi və ticarət sahələrində də inkişaf etdirilməsi yolunda mühüm addımlar atılacağını vurğulayıb.

Biznes fəaliyyəti ilə bağlı söz açan prezident İlham Əliyev biznes qurumlarının birgə fəalliyyətinin ticarət dövriyyəsinin artırılmasına öz töhfəsini verəcəyini deyib. Bu ticarət dövriyyəsinin artımı hər iki dövlətin maraqları çərçivəsinə uyğundur. 2022-ci ilin may ayında Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri zamanı Bakıda keçirilən Litva-Azərbaycan Biznes forumu biznes əlaqələrinin inkişaf etdirilməsinə səbəb olmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən danışan prezident İlham Əliyev 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğalı altında saxlamasını, torpaqlarımızın 20 faizinin işğal olunmasını, bir milyon azərbaycanlının qaçqın düşməsini diqqətə çatdırıb. Prezident bildirib ki, bu müddət ərzində işğal altında olan torpaqlarımızda bütün infrastruktur məhv edilmiş, binalar, tarixi abidələr işğalçılar tərəfindən dağıdılmışdır. İndi sülh danışıqları aparılır. Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan tərəfi konstruktiv səy göstərir. İnanırıq ki, yaxın vaxtlarda bu sülh anlaşması imzalanacaqdır və bu anlaşma beynəlxalq norma və prinsipləri əhatə edəcəkdir.

Azərbaycanla Litva arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə tamamlanır. Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Belə ki, Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi isə ildən-ilə artır. Eyni zamanda Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Hər iki ölkə perspektivli əməkdaşlıq istiqamətində fəaliyyətini davam etdirir. Həmçinin, qitələri birləşdirən Avrasiya qitəsində rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün Azərbaycanın və Litvanın payına böyük vəzifələr düşür. Prezident İlham Əliyev müvafiq qurumların bu məsələ ilə bağlı ciddi çalışacaqlarını deyib.

Azərbaycan ərazisindən keçən tranzit yüklərinin həcminin ildən-ilə artdığını deyən prezident İlham Əliyev buna müasir infrastrukturumuzun imkan yaratdığını söylədi. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutlarının məlum olduğu halda birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək Azərbaycan bu sahədə də uğurlu əməkdaşlığa nail olacaqdır.

Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı Vilnüs şəhərində Litva Respublikasının prezidenti Gitanas Nausedanın iştirakı ilə əməkdaşlıq sənədləri imzalanmışdır. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” sazişləri Azərbaycan-Litva dövlətlərinin müxtəlif şaxəli əməkdaşlığının göstəricisidir. Ətraf mühitin mühafizəsi, Gənclər siyasəti, Prokurorluq orqanlarının əməkdaşlığı sahəsində imzalanmış sənədlər hər iki dövlətin ayrı-ayrı sahələr üzrə təcrübələrini bölüşməsi, qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi kimi məsələləri ön plana çəkir.

Səfər zamanı Vilnüs şəhərində Azərbaycan-Litva Biznes forumu keçirildi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Biznes forumunda iştirak etdi. Bir il ərzində ikinci dəfə keçirilən biznes forumda hər iki ölkə rəhbərlərinin iştirakı Azərbaycan Litva arasında biznes əlaqələrinin inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Forumda çıxış edən prezident İlham Əliyev iki ölkə arasındakı əməkdaşlığın potensialının kifayət qədər böyük olduğunu vurğuladı. Prezident bildirdi ki, bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Enerji diplomatiyası ölkəmizin önəmli istiqamətlərindən biridir. Azərbaycanda enerji təhlükəsizliyi də mövcuddur. Lakin, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir. 2022-ci ilin iyul ayında Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumu imzalandı. Onun əsasında 2027-ci ilə qədər Azərbaycanın Avropaya təbii qaz təchizatının iki dəfə artacağını vurğulayan prezident İlham Əliyev 2021-ci ildə Avropaya təbii qaz təchizatının 8 milyard kubmetr, bu il isə 12 milyard kubmetr olacağını bildirdi. Bu rəqəm 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaqdır. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün də nefti, təbii qazı və elektrik enerjisini ixrac edir.

Logistika və daşıma sahəsində də iki ölkə arasında böyük əməkdaşlıq potensialı vardır. Bu sahədə Xəzər və Baltik regionları arasında şəbəkə qurmaq olduqca vacibdir. Çünki, Litva və Azərbaycan bu gün öz regionlarında əsas daşıma qovşağı sayılırlar. Məhz bunun nəticəsidir ki, Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyulur.

Azərbaycan iqtisadiyyatının inkişafını ön plana çəkən prezident İlham Əliyev çıxışında iqtisadiyyatımızın sabit, münbit investisiya şəraitinin olmasından danışıb. Hansı ki, bu investisiya şəraiti məhz Azərbaycanın təbii sərvətlərinə əsaalanır. İqtisadi sabitlik uğurlu əməkdaşlığın təminatı sayılır.Azərbaycanın xarici borcu çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən azdır. Milli valyutamız sabitdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir. Bu da ölkə iqtisadiyyatının dayanıqlı inkişafının bariz nümunəsidir.

Səfərova Aynur,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button