
Müstəqilliyimizin ilk illərində Azərbaycan dünyanın ən böyük dövlətlərindən biri olan Çinlə möhkəm diplomatik və mədəni əlaqələr qurmuşdur. Hələ mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə iki dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamış, hava yolunun açılması, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət barədə sazişlər də bağlanıbmışdır.
Həmçinin, XX əsrin mühüm müqaviləsi olan Böyük ipək yolunun bərpası üzrə “TRASEKA” proqramının təsdiq olunması ilə dövlətlərimiz arasında münasibətlər daha da möhkəmlənmişdir.
Siyasi əlaqələrə gəldikdə, ən başlıcası onu qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə etmişdir. Azərbaycan da Çinin vahid Çin siyasətinə hörmət edir və Tayvanı Çinin vahid hissəsi kimi qəbul edir.
2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu, hər iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlmiş böyük əhəmiyyətə malikdir.
Bir neçə gün öndə Azərbaycan Respublikasının nümayəndə heyətinin ÇXR-na rəsmi səfəri enerji, nəqliyyat, istehsalat, idxal və ixrac istiqamətində mübasibətləri nizama salmaqla tərəflər arasında əməkdaşlığın güclənməsinə şərait yaradır. Beynəlxalq yükdaşımalar haqqında sazişin imzalanması Orta Dəhlizin sürətləndirilməsinə, çatdırılma əməliyyatlarının təkmilləşdirilməsinə və Avrasiya ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək, bərpa olunan enerji sahəsində əldə olunan razılaşmalar Azərbaycanın yaşıl enerji qovşağı olmasına mühüm dəstək verəcək. Çin isərmayeləri və qabaqcıl texnologiyaları, xüsusilə “ağıllı enerji şəbəkələri”nin qurulması, enerji saxlama sistemlərinin inkişafı və rəqəmsal texnoloji həllərin tətbiqi sahələrində Azərbaycanın enerji keçidinə və iqtisadi təkmilləşməsinə yeni imkanlar yaradacaq. Eyni zamanda, səfər zamanı rəqəmsal iqtisadiyyat, kosmik texnologiyalar, elektron idarəetmə və süni intellekt sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımlar atılıb. Bu, Azərbaycanın texnoloji inkişafına, ağıllı şəhər” və “ağıllı kənd” kimi sosial layihələrinin sürətləndirilməsinə töhfə verəcək. Qarşılıqlı viza rejiminin ləğvi barədə imzalanmış saziş isə turizmin, təhsil mübadiləsinin və biznes əlaqələrinin daha da inkişafına şərait yaradacaq. Bundan əlavə, mədəniyyət, media, təhsil və hüquq kimi sosial və strateji sahələrdə də yeni əməkdaşlıq mexanizmləri qurulub.
Azərbaycan – Çin hərtərəfli strateji tərəfdaşlığının qurulması təkcə ikitərəfli münasibətlərin yeni mərhələyə keçidi deyil, həm də Avrasiyada yeni nizamın formalaşmasında vacib bir addım kimi qiymətləndirilə bilər. Azərbaycanın çoxşaxəli xarici siyasət kursu çərçivəsində Çinlə əlaqələrinin möhkəmləndirilməsi ölkənin beynəlxalq arenadakı mövqelərinin güclənməsinə, iqtisadi dayanıqlılığının artırılmasına və regional sabitliyin təmin edilməsinə mühüm töhfə verir. Azərbaycanla Çin arasında əlaqələr uğurla inkişaf edir, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi